"Qarabağ"ın futbolçusu Mahir Mədətov "Sabah" komandası ilə Azərbaycan Premyer Liqasının XXIV tur matçında dördüncü cəhdindən qol vurmağı bacarıb.
Sportnet.az-ın məlumatına görə, 22 yaşlı hücumçu 77-ci dəqiqədə standart vəziyyətdən sonra fərqlənənədək, üç real şansını boşa verib. 12-ci dəqiqəyə təsadüf edən ilk epizodunda o, əlverişli vəziyyətdə olmasına rəğmən, bir neçə metrlikdən qapıya dəqiq zərbə endirə bilməyib. Bu zaman "Sabah"ın qapıçısı Saşa Stamenkoviç üzüntü içində olan Mədətova təskinlik verib.
Gənc forvard 67-ci dəqiqədə təkbətək çıxdığı epizodda Stamenkoviçi məğlub edə biməyib. Serbiyalı qolkiper onun aşırma zərbəsini dəf etməyi bacarıb. Rahat imkanları boşa verən Mədətov istəyinə daha çətin epizodda çatıb. Rəşad Sadıqovun cərimə zərbəsindən sonra qapı qarşısına ötürdüyü topa o, açılaraq dəqiq istiqamət verib.
Stamenkoviç Mədətova görüşdən sonra da təskinlik verib. Onlar meydanı birgə tərk ediblər.
Qeyd edək ki, hazırda Mahir Mədətovun hesabında 10 qol var. O, bombardirlər siyahısında "Neftçi"nin hücumçusu Baqali Dabodan cəmi 1 top geri qalır. Mədətov tez-tez əlverişli imkanları qaçırdığı üçün hətta azarkeşlərin də etirazları ilə qarşılaşır.