Avropa Liqasının kubokunun Rusiyanın paytaxtı Moskvada açıq təqdimat mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, tədbirə Bakıda keçiriləcək final matçının səfiri, hazırda "Krılya Sovetov"da çıxış edən Aleksandr Səmədov da qatılıb. 35 yaşlı yarımmüdafiəçi paytaxt komandalarının heyətində dəfələrlə Avroliqa matçlarında iştirak etdiyini, lakin bu kuboku başı üzərinə qaldıra bilmədiyini xatırladıb. O, arzusunu digər klubların gerçəkləşdirəcəklərinə ümidvar olduğunu bildirib: "Bilmirəm ki, klublarımız nə zaman Avroliqanın qalibi olacaqlar. Amma fikrimcə, bu, yaxın illərdə baş verəcək. Bir neçə komandamız var ki, potensialları, heyəti və imkanlarına əsasən bu yarışın qalibi olmağa iddia edə bilərlər".
Hələlik Avroliqada yarımfinalçılar məlumdur. Finala vəsiqə uğrunda İngiltərənin "Arsenal" və "Çelsi" komandaları müvafiq olaraq, İspaniya "Valensiya"sı və Almaniya "Ayntraxt"ı ilə mübarizə aparacaqlar. Həmin oyunlar mayın 2-də və 9-da ev-səfər prinsipi ilə keçiriləcək. Final qarşılaşması isə mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Qeyd edək ki, Avropa Liqası əvvəllər UEFA Kuboku adlanıb. 1971-ci ildən keçirilməyə başlayan bu yarış 2019-2010 mövsümündən yeni adla təşkil olunur. Turnirin rekordçusu 5 dəfə (2006, 2007, 2014 - 2016) qalib olan İspaniya "Sevilya"sıdır. Rusiya təmsilçilərindən MOİK (2005) və "Zenit" (2008) UEFA Kubokunu qazanıblar. Son qalib isə İspaniya "Atletiko"su olub.