Macarıstan yığması Azərbaycan və Uelslə keçirəcəyi Avropa çempionatının seçmə oyunlarından əvvəl futbolçu itkisi ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, "Uypeşt" klubunun futbolçusu Donat Joter məşq vaxtı zədələndiyi üçün sıradan çıxıb. 23 yaşlı hücumameylli yarımmüdafiəçi artıq millinin düşərgəsini tərk edib.
Daha 2 zədəli - Tamaş Kadar və Barnabaş Bese isə komanda ilə birgə Bakıya gələcəklər. Bu addım tibbi heyətin daimi işləyərək, onları sağaltması üçün atılıb.
Joter 2018/2019 mövsümündə "Uypeşt"in heyətində "Neftçi"yə qarşı Avropa Liqasının I təsnifat mərhələsinin hər iki görüşündə (1:3, 4:0) forma geyinib. O, Budapeştdəki qarşılaşmada qollardan birinin müəllifi olub.
Qeyd edək ki, Macarıstan Azərbaycanla iyunun 8-də "Bakcell Arena"da üz-üzə gələcək. Uelslə qarşılaşma isə iyunun 11-də Budapeştdə olacaq.