“Sumqayıt” futbol komandasının baş məşqçisi Ayxan Abbasov “Keşlə”ni 2:1 hesabı ilə üstələdikləri yoxlama oyunundan sonra müsahibə verib.
Sportnet.az 38 yaşlı mütəxəssislə müsahibəni təqdim edir:
- Bildiyiniz kimi, yeni mövsümə hazırlığa təzə başlamışıq, ilk yoxlama matçımız idi. Futbolçular hələlik tam formada deyillər. Məşqlərimizdə də yüklənməni pillə-pillə artırırıq. Bu matç bizim üçün vacib idi. İki heyətlə oynadıq ki, yüklənməni götürək. Futbolçulara bəzi tapşırıqlar vermişdik ki, görək, bunu necə icra edəcəklər. İstəkli idilər, səhvlərimiz də var. İşlənəsi çox şey var. Gənc futbolçulara bu matçda çox şans verdik. Yeni mövsümdə çalışacağıq ki, onlara çox şans verək. Ümumən oyunun nəticəsindən asılı olmayaraq, futbolçuların meydana hərəkətliliyi bizi qane etdi.
- İkinci hissədə meydana çıxan heyət əsasən gənclərdən ibarət olsa da, daha baxımlı futbol oynadınız. Bu, onların özlərini daha çox göstərmək istəyi ilə bağlı idi, yoxsa...?
- "Keşlə"ni götürsək, ilk hissədə daha kompakt oynayırdı. Fasiləyədək daha çox mübarizə oldu. İkinci hissədə heyəti tam dəyişdik, onlarda isə eyni heyətdə çıxış etdi. İkinci 45 dəqiqədə futbolçuların istəyi daha çox idi. Bu da bəlkə gənc olmalarından irəli gəlir. İlk hissədə istədiyimiz hücumlarımız daha çox oldu.
- Yarımmüdafiənin mərkəzindəki aparıcı futbolçularınız gedib. Bu mövqedə boşluq hiss olunurmu?
- Bu gün mövqelər üzrə danışsaq, bizə qapıdan başlayaraq, hər mövqeyə futbolçu lazımdır. Ancaq bugünkü gündə əlimizdə olan materialla çalışırıq ki, nəsə edək. Bu qarşılaşmanı 90 dəqiqə orta xətti götürsək, yalnız Vüqar Mustafayev təcrübəlidir. Səbuhi Abdullayevlə Baxşəli Baxşəliyevlə çox gəncdirlər. Bir az Xəyal Nəcəfovun təcrübəsi var. Bir futbolçu istəyirik, yarımmüdafiənin mərkəzinə həqiqətən bir transferə də ehtiyacımız var.
- Həmin mövqeyə maraqlandığınız futbolçu varmı?
- Maraqlandığımız futbolçular var. Rəhbərliklə birgə təqdim etmişdilər, mən də baxmışam. Həqiqətən xoşumuza gəliblər, ölkədən kənardadırlar. Ancaq müqaviləsi olan futbolçulardır. Çalışırıq ki, keçidlərini həll edək. Nə dərəcədə alınacaq, onu deyə bilmərəm. Ancaq işlər gedir.
- İkinci hissədə Akif Tağıyevlə Elnur Cəfərovu meydana buraxdınız. Baxışda olan bu futbolçularla bağlı nə qərar verdiniz?
- Hardasa 5-6 gün bizlə idilər. Komandamızda ilk oyunları idi. Yəqin ki, "Sabah"la yoxlama matçında da onlara baxacağıq.
- Yeni transferləriniz komandaya necə uyğunlaşırlar?
- Hamısına vaxt lazımdır. Vüqar Mustafayavelə Elgün Nəbiyevin üstünlüyü ondadır ki, "Zirə"də birgə çalışmışıq, iş üslubumu bilirlər. "Keşlə"dən gələn Amil Yunanovla Sərtan Taşkın istəkli idilər. Ancaq hələ tam formada deyillər. Bu gün futbolçulardan 100 faiz nəsə istəyə bilmərəm. Ancaq məni əsas maraqlandıran taktiki tapşırıqlar, meydanda hərəkətlilik, mübarizlik idi. Bu baxımdan hamısından razıyam.
- Süleyman Əhmədovu sol cinah müdafiəçisi oynatdınız. Artıq dəqiqləşib ki, bu mövqedə çıxış edəcək? Çünki o, əvvələr ön xətdə yer alırdı...
- Süleymanı keçən mövsüm də solda və sağda oynatmışıq. Bildiyiniz kimi, bu mövsüm müdafiənin sağ cinahına Sərtanı transfer etmişik. Cinahda müdafiəçimiz azdı. Bu gün həmin mövqelərdə həqiqətən boşluğumuz var. Ehtiram Şahverdiyev də zədəlidir. Ola bilər ki, hansısa bir variant olsun, gələcəkdə sola transfer edək. Dəyişiklik olacaq. Bildiyiniz kimi, Elgün Nəbiyev əvvəlki klubu "Sabah"da 5 müdafiəçili sistemdə cinahda çıxış edib. Alternativ variantlarımız var.
- "Çərçivə" də etibarlı əllərdə deyil. Təkcə Mehdi Cənnətovu təcrübəli saymaq olar, digərləri gənclərdir. Bir qapıçıyla çempionada çətin olmayacaq?
- Qarşılaşmalar olacaq ki, gənclərə etibar edəcəyik. Bugünkü durumumuz belədir. Mən də bilirəm ki, qapı təcrübə istəyir. Ancaq bu futbolçuların üzərinə də məsuliyyət düşür ki, bundan istifadə eləməlidirlər. Bu gün "Sumqayıt"da gənclərə yol açılıbsa, ikiqat, üçqat istəkli olmalıdırlar. Məsələn, Rüfət və Səbuhi Abdullazadələr bu gün həddən artıq xoşuma gəlir. Bu futbolçular günü-gündən inkişaf edirlər. Bura gəldiyimdən, hardasa 7-8 aydı bir yerdəyik, milliyə düşüblər. İstəkli, bizi qane edən olsalar, bu gənc futbolçulara şans verəcəyik. Onlar üçün qarşıdakı mövsüm önəmlidi, istifadə eləməliyik.
- Müqavilə ilə "Sumqayıt"a məxsus olan Aleksey İsayevin məsələsinə aydınlıq gəldi?
- Yox, onun məsələsi açıqdır. Yəqin, yaxın günlərdə tam aydınlıq gələcək ki, İsayev bizdə qalır, yoxsa başqa kluba gedir. Bu yöndə də işlər, danışıqlar gedir.