Seymur TURAN
Postsovet məkanının Avropa hissəsində Moldova kimi yazıq ölkə, Kişinyov kimi kasıb paytaxt yoxdur. Amma Azərbaycan komandaları ilə Kişinyovda oynayanda öz aləmlərində KİŞİlənməyə başlayırlar.
Hər dəfə də ağızlarından necə vururlarsa, səsləri bir müddətlik kəsilir. Bunların "Daçiya"sının prezident-baş məşqçisini "Kəpəz" susdurmuşdu, dünən də avrokubokun nə olduğunu təzəcə dərk edən ailə-uşaqlı "Sperantsa" adlı komandasına "Neftçi" dərs verdi. 26-27 yaşlı baş məşqçiləri var, 0:3-dən sonra "üçüncü şəxslər"dən şikayətlənib. Necə deyərlər, bunların böyüyü necədirsə, kiçiyi də elədir. Bir sözlə, xəmirləri belə yoğrulub.
Bunları başqa cür susdurmaq mümkün deyil. "Neftçi" "Sperantsa"nı bir həftə sonra Bakıda da darmadağın edib yola salmasa, yenə eyni sözləri təkrarlayacaqlar.
Niyə belə etdiklərinə səbəb tapmaq da çətin deyil. Deyəsən, Moldovada elə bilirlər ki, Azərbaycan komandalarını əvvəlki kimi udmaq asandır. Elə ötən 10 illiyin nostalgiyası ilə yaşayırlar. Amma indiki onillikdə "Neftçi" və "Kəpəz"dən əlavə, "İnter"lə "Qarabağ"ın da verdiyi dərsləri unudurlar.
Avrokuboklarda oynamağa stadionu olmadığı üçün "Sperantsa"nın "Neftçi" ilə ilk qarşılaşmasının yeri dəyişdirilməli oldu. UEFA iyulun 11-də "Bakcell Arena"da keçirilməli olan görüşü "Zimbru" stadionuna təyin etdi. Kişinyovun olan-olmaz bir normal stadionuna. Orada isə təşkilatçılıq sarıdan çatışmazlıqlar bir-birini əvəzləməyə başladı.
Əvvəlcə oyunöncəsi mətbuat konfransında internet problemi ortaya çıxdı. Bunu hardasa təbii qarşılamaq olardı. Çünki "Sperantsa" rəsmi saytı belə işləməyən klubdur. Oyun günü isə meydanı sulamadılar. Daha doğrusu, başqa cür meydan sulamaq istədilər, amma alınmadı.
KİŞİnyov adını daşımaq bu cür KİŞİlənməyə əsas vermir. Əsl KİŞİlik edənlər "Neftçi"nin futbolçuları, Bakıdan təyyarə ilə yox, maşınla 4000 km-dək yol qət edərək, özlərini Moldovaya çatdıran "Forza Neftçi" azarkeşləridir.