
İspaniyanın "Barselona" klubunun futbolçusu Luis Suares komandanın yeni transferi Antuan Qrizmanna soyuq münasibət göstərib.
Sportnet.az "Cuatro"ya istinadən xəbər verir ki, 32 yaşlı uruqvaylı hücumçu Amerika Kubokundan sonra komandaya qoşulub və ilk məşq zamanı hər iki oyunçu bir-birinin üzünə belə baxmayıb.
Suares 2018-ci il Rusiyadakı dünya çempionatında Qrizmannı tənqid edib. Fransalı oyunçu mundialın 1/4 finalında Uruqvay millisinə vurduğu qoldan sonra bu ölkədən olan dostlarına hörmət əlaməti olaraq sevinməyib. Suares isə bu hadisəyə belə şərh verib: "Qrizmann fransalıdır və uruqvaylı olmağın nə olduğunu və bizim kim olduğumuzu bilmir".
Qeyd edək ki, L.Suares 2014-cü ildən "Barselona"da çıxış edir. Qrizmann isə yay transfer pəncərəsində "Atletiko"dan Kataloniya klubuna keçib.