
İsraildə "Bney Yehuda" ilə keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Neftçi" komandası dəstəksiz qalmayacaq.
Görüşün başlaması ərəfəsində yüzədək azərbaycanlı azarkeş Petar-Tikvadakı "Ho Moşava" stadionunun tribunasında yerini alıb. Onların arasında əlində Azərbaycan bayrağı dalğalandıran Emil Abdullayev adlı soydaşımız da var. Abdullayev Sportnet.az-ın matça ezam olunmuş əməkdaşına açıqlamasında dörd ildir Hayfa şəhərində yaşadığını bildirib. O, Lerik rayonundan olduğunu və alüminium zavodunda çalışdığını söyləyib. Əvvəllər "Xəzər Lənkəran"a azarkeşlik etdiyini deyən soydaşımız bu komandanın əzəli rəqibi olan "Neftçi"ni dəstəkləməsinin səbəbini belə izah edib: "Biz hamımız azərbaycanlıyıq. Meydanda Azərbaycan komandasıdırsa, bizim üçün fərq etməz. Bu gün "Neftçi"nin qələbə qazanmasını çox istəyirəm. Bunun üçün hər cür imkan da var. "Bney Yehuda" İsraildə o qədər də sevilən və oyunu ilə fərqlənən komanda deyil. İnanıram ki, qələbə bizim olacaq".
İsraildə həyat yoldaşı ilə yaşadığını deyən Abdullayev Azərbaycana vaxtaşırı səfər etdiyini də diqqətə çatdırıb. O, sentyabrda da Vətəndə olacağını söyləyib: "Burada ailədə iki nəfər oynayırsa, normal yaşamaq mümkündür. Hətta ildə iki dəfə xaricə istirahətə gedə də bilərsən. İsraildə yaşayanlar üçün Avropaya səfər problem deyil. Çünki viza rejimi yoxdur".
"Neftçi" klubu azərbaycanlı fanatları diqqətsiz qoymayıb. Klubun rəsmisi Rüstəm Allahverdiyev onlara şarf paylayıb.
Qeyd edək ki, "Bney Yehuda" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.