"Çətin oyun olacağını bilirdik. İlk qola qədər yaxşı çıxış etdik. Qoldan sonra oyunumuz çətinləşdi və konsentrasiyamız pozuldu".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Dani Kintana UEFA Avropa Liqasının qrup mərhələsinin I tururunda İspaniya "Sevilya"sına evdə 0:3 hesabı ilə uduzduqları görüşdən sonra deyib.
İspaniyalı yarımmüdafiəçi yenilmələrinin səbəbini belə izah edib: "Məqsədimiz hər bir oyunu qalib başa vurmaqdır. Çətin və gözəl oyun oldu. Rəqib güclü idi. Uduzmağımızın səbəbi budur. Rəqib İspaniya La Liqasında hazırda 1-ci yerdə gedir. Yaxşı hazırlaşmışdıq. Təəssüf ki, məğlub olduq".
Kintananın sözlərinə görə, "Qarabağ" "Sevilya" ilə yanaşı Kipr AOPEL-i və Lüksemburq "Düdelanj"ının yer aldığı A qrupundan çıxa bilər: "İlk görüşü uduzmağımızın səbəbi rəqibin güclü İspaniya klubu olmasıdır. Ancaq gələcək oyunlarda, Lüksemburqda qələbə qazancağıq. "Düdelanj" artıq ikinci mövsümdür Avropa Liqasında qrup mərhələsində çıxış edir. Ona görə də bu gün AOPEL-i səfərdə 4:3 hesabı ilə məğlub etdilər. Qrupda "Sevilya" hamıdan bir addım öndədir. Digərlərinin şansı eynidir. Çox çətin qrupdur, qələbə qazanmağa çalışacağıq".