
"Əlbəttə, istəyimiz çoxdur. Amma hər şeyə real baxmalı, istənilən halda rəqibin gücünü dəyərləndirməliyik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İspaniyada "Sevilya" ilə keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin V tur matçından öncə jurnalistlərə açıqlamasında deyib. 47 yaşlı mütəxəssis bildirib ki, A qrupunda Lüksemburq "Düdelanj"ı ilə Kipr APOEL-i arasında oynanılacaq turun digər qarşılaşmasını da diqqətdə saxlayacaqlar: "Hazırda "Sevilya" La Liqada 3-cü yerdə gedir, özünün pik formasındadır. Qrupdakı digər qarşılaşma da bizim üçün maraqlı olacaq. "Düdelanj" və APOEL arasındakı görüşün nəticəsi də önəmlidir. İstənilən halda, öz oyunumuzu düşünəcəyik və götürəcəyimizin xalın bizim üçün böyük dəyəri olacaq".
Qurbanov zədəsi sağalmaq üzrə olan futbolçuların meydana çıxma ehtimallarından da danışıb: Maksim Medvedev və Rahil Məmmədovun durumları yaxşıdır, Mahir Emreli də artıq komanda ilə kollektiv məşqlərə qatılır. Çempionat oyunumuzda 15 dəqiqə meydanda oldu. Düzdür, hələlik özünün fiziki formasından bir qədər uzaqdır. Amma hər şey yaxşılığa doğru gedir".
Qeyd edək ki, noyabrın 28-də "Xuan Sançes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.