"Sabah" klubu "Qarabağ"la keçirəcəyi Azərbaycan Premyer Liqasının XIII tur matçına tamaşaçı cəlb etmək üçün "orijinal" üsula əl atıb.
Sportnet.az-ın məlumatına görə, rəhbərlik insanları öz oyununa gətizdirmək üçün pulla şirnikləndirməyə qərar verib.
Klubun idman direktoru Emin Abbasovun "Xəzər"də çalışdığı vaxt oyunlara 5 manata azarkeş gətizdirildiyi xəbərlərini xatırlayırsınız. Bu barədə komandanın azarkeş qrupu "facebook" səhifəsində elan da vermiş, daha sonra klub rəhbərliyi əl-ayağa düşərək, həmin elanı sildirmişdi.
İndi analoji üsuldan "Sabah"ın da yararlanmaq istəyi bu "dahi ideya"nın məhz Abbasova məxsus olduğuna əminlik yaradır. İki ildir Premyer Liqada çıxış edən komandanın da azarkeşlərini öz oyunlarına 5 manata gətizdirdiyini iddia etmək bir qədər çətindir. Amma hər halda oyunda iştirak edənlərdən 3-nə 100 manat verilməsi qərara alınıb. Başqa sözlə, cəmi 300 manat xərcləyəcəklər ki, artıq 60 yox, uzağı, 600 nəfər gəlsin. Hə, üstəlik, bir televizor da verəcəklər.
Amma pul və televizoru hansı prinsiplə verəcəklərini yox, pəh-pəhlə sponsorların adlarını açıqlayıblar. Bu isə o deməkdir ki, elə öz adamlarını sevindirsələr, təəccüblənməyin. Axı belə "uduş"ları da, onları "qazananlar"ı da çox görmüşük...
Bir məsələ də var ki, girişi pulsuz ediblər. Oyun isə dekabrın 2-də "Bank Respublika Arena"da keçiriləcək və saat 20:00-da başlanacaq.