"Rəqibi təhlil etmişdik və onların hücum potensialını bilirdik. Oyuna nəzarət tərəfimizdə idi. Futbolçularımız qol buraxsa da, ruhdan düşmədilər. Qış fasiləsinə 4-cü pillədə yollanmaq bizim üçün uğurdur. Qarşıda isə bizi Azərbaycan Kubokunda 2 çətin oyun gözləyir".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ən baş məşqçisi Ayxan Abbasov evdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIV tur matçından sonra mətbuat konfransında deyib. 38 yaşlı mütəxəssis qış fasiləsində heyətin güclənməyəcəyini bildirib: "Yəqin ki, yeni oyunçular almayacağıq. Kubok oyunlarında vuruşacağıq. Sevindirici hal odur ki, futbolçuların nə etdikləri bəllidir. Kor-koranə oynamırıq. Mövsümün əvvəli ilə müqayisədə inkişaf var. Bizi nələrin gözlədiyini rəhbərliyə bildirmişdim. Əsas məqsəd mövsümün ilk yarısında sonuncu olmamaq idi. Mövsümün ikinci yarısında çətin olacaq, amma öz komandama inanıram. Bu gün limitə düşən 3 futbolçu ilə oynayırdıq. Səbrli olmalıyıq. Bəlkə bir-iki ilə daha yaxşı vəziyyətdə olacağıq".
Abbasov "Qəbələ" azlıqda qaldıqdan sonra hücumçu sayını artırmalarına rəğmən qələbə topunu vura bilmədiklərini də diqqətə çatdırıb: "İkinci hissədə sistemi dəyişmək istəmirdim. Rəqib qırmızı vərəqələr aldıqdan sonra hücumçularımızın sayını artırdıq. Rəqib azlıqda qaldıqdan sonra daha yaxşı müdafiə olundu. İki qırmızı vərəqə rəqibi motivasiya etdi".