Mövsümün ilk yarısını "Qarabağ"da keçirmiş qapıçı Asmir Beqoviçin İngiltərə "Vest Hem"inə keçidi baş tutmaya bilər.
Sportnet.az-ın məlumatına görə, səbəb "çəkicdöyənlər"in rəhbərliyinin "Mildsboro"dan Darren Rendolfu yenidən komandada görmək istəkləridir. Baş məşqçi Devid Moyes Lukaş Fabianski ilə rəqabət apara biləcək qolkiper axtarışındadır. O, 32 yaşlı irlandiyalı çərçivə qoruyucusunun qaytarılmasını istəyir. Bu isə Fabianskinin zədədən yeni qayıtması ilə əlaqədardır. Rendolf 2015 - 2017-ci illərdə də "Vest Hem"də çıxış edib.
Beqoviç isə İngiltərəyə qayıtmaq istəsə də, ona "Qarabağ" daha 6 aylıq icarə müqaviləsi təklif edib. Bosniya və herseqovinalı qolkiperə İngiltərə Çempionşipindən də bir neçə təklif var.
Qeyd edək ki, Asmir Beqoviç "Qarabağ"da cari mövsümün əvvəlindən 6 aylıq icarə əsasında çıxış edib. Hazırda onun icarə müqaviləsinin uzadılması barədə danışıqlar aparılır.