
"Bu il milli səviyyəsində ilk oyunumuzu keçirdik. Sevindirici haldır ki, qarşılaşmanı qol buraxmadan qələbə ilə başa vurduq".
Sportnet.az-ın məlumatına görə, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyev Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında Şimali Makedoniya yığmasına 2:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra affa.az-a açıqlamasında deyib.
Gənc mütəxəssis yetərincə qol vəziyyətlərindən lazımınca istifadə edə bilməmələrindən təəssüfləndiyini bildirib. Lakin onun fikrincə, vacib olan qələbə qazanmalarıdır: "İlk hissədə yaxşı oynasaq da, fasilədən sonra futbolçularda bir az yorğunluq var idi. Bununla belə, hər bir futbolçu özünü yaxşı tərəfdən göstərdi. Bir neçə oyunçudan razı qalsaq da, bəziləri hələ də öz üzərində işləməlidir. Komandanın çatışmayan cəhətləri çoxdur. Heyət tam formalaşmayıb. Amma yetərincə vaxtımız var. Əzmlə, istəklə çalışacağıq. Belə davam etsələr, istədiyimiz komandanı qura bilərik".