"UEFA-da İşçi qrupları futbolçuların müqavilələri məsələsinin üzərində çalışır. Eyni zamanda FIFA-nın nəzdində hüquq departamenti də bununla məşğuldur".
Sportnet.az-ın məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev İTV-də yayımlanan "Bol idman" verilişində deyib.
PFL rəsmisi bildirib ki, futbolçu müqavilələri ilə bağlı qərar mayın 15-dək veriləcək: "Adətən müqavilələr mövsümün sonuna qədər olur. Yəqin ki, yekun qərar mayın 15-dək qəbul olunacaq. Hələlik irəli sürülən təkliflər tövsiyə xarakteri daşıyır. Klublara bu məsələdə futbolçularla fərdi söhbət etmək tövsiyə olunur".
A.Şahgəldiyevin sözlərinə görə, yay "transfer pəncərəsi"nin vaxtı ilə bağlı dəyişiklik olacaq: "Çünki liqa bitməməmiş futbolçunun komandanı tərk etməsi düzgün deyil. Çox güman ki, "transfer pəncərəsi"nin vaxtı uzadılacaq. Amma klubların futbolçulara ödəməli olduğu məbləğlə bağlı hansı qərarın veriləcəyi barədə hələlik məlumat yoxdur. Düşünürəm ki, mayın ortasına kimi bütün suallara aydınlıq gələcək".