Xorvatiyanın paytaxtı Zaqrebdəki zəlzələ Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin ailəsinin yaşadığı binada da hiss olunub.
Sportnet.az-ın məlumatına görə, bu barədə hazırda Türkiyənin "Kayseripor" komandasının sükanı arxasında olan 51 yaşlı mütəxəssisin özü "Sport.avaz.ba"ya müsahibəsində bildirib.
51 yaşlı mütəxəssis bildirib ki, hadisə zamanı ailəsi çətin anlar yaşayıb: "Zəlzələ binamızın üçüncü mərtəbəsindəki mənzilimizdə də hiss olunub. Qızlarım yaşadıqları qorxuları mənə danışdılar. Onlar üçün olduqca çətin olub. Mən isə ailəmlə birgə ola bilmədim, bu, dəhşətli idi".
Xorvatiyalı baş məşqçi qızlarının zəlzələ vaxtı küçəyə çıxdığını və anaları ilə birlikdə qaynanası gilə getdiklərini söyləyib: "Evlər xəsarət aldı, divarlar qırıldı, amma hər şey sürətlə bərpa olundu və ailəm bugünlərdə həmin mənzilə qayıtdı. Mənzilin yerləşdiyi bina, şəhərin mərkəzindəki qonşu binalardan daha əla vəziyyətdə idi".
Qeyd edək ki, Zaqrebdə zəlzələ martın 22-də baş verib. Robert Prosineçki Azərbaycan millisində 2014 - 2017-ci illərdə baş məşqçi olub.