"Uzun fasilədən sonra ilk oyunumuzu keçirdik. İki fərqli hissə oynadıq. Narazı olmağa haqqımız yoxdur. Ümumilikdə meydandakı hərəkətlilik dən razı qaldıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra mətbuat konfransında deyib.
Gənc mütəxəssis bildirib ki, hazırda bütün komandaların problemləri eynidir: "Çempionatın pik vaxtında belə sıxıntı ortaya çıxdı. Hər tur nə isə ola bilər. Futbolçuların üzərinə çox gedə bilməyəcəyik. Ola bilər ki, gözəllik baxımından çox şey görə bilməyək".
Abbasov çempionatın ləğvi barədə məlumata malik olmadıqlarını və klubda qalmaq istədiyini vurğulayıb: "Hər bir baş məşqçi heyətin güclənməsini istəyər. Bu gün gənclərimiz göz qabağındadır. Çempionat bitəndə rəhbərliklə oturub danışacağıq. Hazırda bütün fikrimiz "Sumqayıt"la bağlıdır. Bu şəhər, bu azarkeş və bu komanda avrokubokları haqq edir. Mövsüm bitdikdən sonra fikirlərimiz üst-üstə düşsə, yenidən anlaşacağıq. Burada hər şey məni qane edir, xoşbəxtəm".