Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünün çempionu “Qarabağ”ın mükafatlandırma mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, “Azersun Arena”da baş tutan, amma pandemiya ilə əlaqədar olaraq kütləvi keçirilməyən tədbirdə Ağdam klubunu vitse-prezident Tahir Gözel, direktor Emrah Çelikel, baş menecer Asif Əsgərov, baş məşqçi Qurban Qurbanov, kapitan Rəşad Sadıqov və mövsümün bombardirlərindən olan Mahir Emreli təmsil ediblər.
Təqdimetmə zamanı əvvəlcə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxış edərək “Qarabağ”ı növbəti çempionluq münasibəti ilə təbrik edib, Çempionlar Liqasında uğurlar arzulayıb.
Çıxışın ardından Mahir Emreli mövsümün bombardiri üçün hazırlanmış xüsusi mükafata sahib çıxıb. I Divizionun bombardiri olan Musa Qurbanlı isə tədbirdə iştirak etmədiyi üçün onun mükafatı məşqçisi olmuş Rəşad Sadıqova verilib.
Qeyd olunan şəxslər medallarını əldə etdikdən sonra sonda PFL prezidenti çempionluq kubokunu kapitan Rəşad Sadıqova təqdim etdi. Sadıqov və Emrelinin kuboku götürdükdən sonra boş tribunalar önünə gedib.
Qeyd edək ki, komandanın digər üzvlərinin medalları Ağdam klubunun rəhbərliyinə təqdim olunub.