İngiltərənin "Vulverhempton" klubunun bu mövsüm Premyer Liqada vurduğu 51 qoldan heç birinə yerli futbolçular imza atmayıb.
Sportnet.az-ın məlumatına görə, avtoqolların hesaba alınmadığı göstəricidə "canavarlar" dördüncü belə komanda sayılıb. Əvvəllər "Stok Siti" (2015/2016), "Arsenal" (2006/2007) və "Fulhem" (2001/2002 və 2005/2006) də bu cür statistikaya malik olub.
Qeyd edək ki, "Vulverhempton"un heyətində Azərbaycan millisinin futbolçusu Renat Dadaşov da yer alıb. Lakin gənc hücumçu heç bir oyunda meydana çıxmayıb. Klub Premyer Liqanı 7-ci pillədə başa vurub. Nunu Eşpritu Santunun baş məşqçi olduğu kollektiv Avropa Liqasına vəsiqə qazanmağa yaxındır. Bunun üçün "Arsenal" İngiltərə Kubokunun finalında "Çelsi"yə uduzmalıdır.