"Bu gün futboldan danışmaq ikinci plana keçir. Öncə ordumuzun qələbəsi münasibətilə dövlətimizi və xalqımızı təbrik edirik. İnanırıq ki, ordumuz bizi yenə sevindirəcək. Torpaqlarımız işğaldan azad olacaq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri «Qəbələ»nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının IV turunda səfərdə «Neftçi» ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis oyunun maraqlı alındığını bildirib: "Hər iki komanda hücum futbolu sərgilədi. Komandamdan məmnunam. İstədiyimi meydanda yerinə yetirirlər".
Onun sözlərinə görə, rəqibdən asılı olmayaraq hücum futbolu sərgiləmək istəyirlər: "Bura 3 xal dalınca gəlmişdik. Amma futbolçuların əməyini qiymətləndirməliyik".
Baxşıyev hakimlikdən də danışıb: "Məncə, normal idrəçilik oldu. Mənim işim komandamın oyununa qiymət verməkdir".
Baş məşqçi xal itkisinin yorğunluqla bağlı olmadığını deyib: "Neftçi» tempi artırdı. Ona görə səhv etdik və qol buraxdıq".
Baxşıyev yenidən komandaya qayıdan Ceyms Adeniyinin çıxışını da dəyərləndiorib: "Adeniyi uzun müddət futboldan kənarda qalmışdı. Tanıdığımız oyunçudur. Ona güvənirik".