Futbol üzrə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan son 3 ölkənin adı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bunlar Macarıstan, Slovakiya və Şotlandiyadır. Macarıstan İslandiyanı uzatma dəqiqələrində, Slovakiya Şimali İrlandiyanı əlavə vaxtda üstələyib. Şotlandiya isə Serbiya ilə qarşılaşmanın əsas vaxtını 1:1 hesablı heç-heçə ilə tamamlasa da, penaltilər seriyasında üstün olub - 5:4.
Qeyd edək ki, daha əvvəl Şimali Makedoniya Gürcütanı 1:0 hesabı ilə yenərək, tarixində ilk dəfə adını Avropa çempionatının iştirakçıları siyahısına yazdırıb.
---------------------------
AVRO-2020-nin pley-off mərhələsində final oyunlarına start verilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk görüşündə Gürcüstan və Şimali Makedoniya yığmaları üz-üzə gəlib.
D yoluna təsadüf edən matç qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 1:0. Tbilisidəki Boris Payçadze adına "Dinamo" stadionunda keçirilmiş qarşılaşmada yeganə qolu 56-cı dəqiqədə Qoran Pandev vurub.
Bununla da Şimali Makedoniya yığması tarixi nailiyyətə imza atıb və AVRO-2020-yə vəsiqə qazanan 29-cu ölkə olub. Bu komanda Avstriya, Niderland və Ukrayna ilə birgə C qrupunda mübarizə aparacaq. Püşkə əsasən, qrup oyunları Rumıniyanın paytaxtı Buxarest və Niderlandın paytaxtı Amsterdamda təşkil olunacaq.
Qalan 3 vəsiqənin sahibi bu gecə müəyyənləşəcək.
-----------------------
Bu gün AVRO-2020-nin pley-off mərhələsində final oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, A, B, C və D yolunda baş tutacaq həlledici qarşılaşmalardan sonra Avropa çempionatına son 4 vəsiqənin sahibi müəyyənləşəcək.
Günün ilk matçı D yolunda oynanılacaq. Gürcüstan millisi Tbilisidəki "Dinamo Arena"da Şimali Makedoniya ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Digər 3 oyun isə eyni saatda - 23:45-də başlayacaq. A yolunda İslandiya seçməsi Macarıstanın qonağı olacaq. B yolunda Şimali İrlandiya millisi Slovakiya ilə, C yolunda isə Serbiya seçməsi Şotlandiya ilə münasibətlərinə aydınlıq gətirəcək. Qalib gələn komandalar AVRO-2020-nin final mərhələsinə yüksələcəklər.
12 noyabr
AVRO-2020
Pley-off, final
A yolu
23:45. Macarıstan – İslandiya - 2:1
Qollar: Loik Neqo, 88. Dominik Şoboşlai, 90+2 - Gilfi Siqurdsson, 11
B yolu
23:45. Şimali İrlandiya – Slovakiya - 1:2 (ƏLAVƏ VAXT - 0:1)
Qollar: Milan Şkrinyar, 88 (öz qapısına) - Yuray Kutska, 17. Mixal Düriş, 110
C yolu
23:45. Serbiya – Şotlandiya - 1:1 (ƏLAVƏ VAXT - 0:0, PENALTİLƏRLƏ - 4:5)
Qollar: Luka Yoviç, 90 - Rayan Kristi, 52
D yolu
21:00. Gürcüstan - Şimali Makedoniya - 0:1
Qol: Qoran Pandev, 56
Qeyd edək ki, koronavirus pandemiyasına görə gələn ilə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Çempionat oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.
Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.