UEFA Almaniya "Bavariya"sının prezidenti Karl-Haynts Rummeniggenin AVRO-2020-nin bir ölkədə təşkil oluna biləcəyi ilə bağlı fikirlərini şərh etməyib.
Sportnet.az-ın məlumatına görə, bu barədə qitə futbol qurumundan "RİA Novosti"nin sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, hazırda UEFA Avropa çempionatı ilə bağlı 12 təşkilatçı şəhərlə azarkeşlərin stadionlara buraxılması istiqamətində 4 mümkün ssenarini müzakirə edir. Bunlar oyunların tam dolu tribunalar, ümumi tutumun 50-100 faizi, ümumi tutumun 20-30 faizi önündə və azarkeşsiz keçirilməsidir: "Hər bir şəhər UEFA ilə birlikdə 2-3 uyğun ssenari seçəcək və qarşıdakı həftələrdə müvafiq planlar hazırlayacaq. Yekun qərar martın əvvəlində hər şəhər üçün fərdi olaraq veriləcək".
Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.
Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.