"Qəbələ səfəri hər zaman çətin olur. Bu, hər bir komandaya aiddir. Hava durumu bir qədər ağır olur. İlk hissədə həqiqətən çətin idi. Amma fasiləyədək yaxşı epizodlar yaxalamışdıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XIX turunun oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis rəqibin keyfiyyətli futbolçulara sahib olduğunu bildirib: "Futbcularımız sonadək əzmkar mübarizə apardı. Hesab edirəm ki, 1 xal hər iki komandanın aktivinə yazılmalıdır. Bu matçı unudub, növbəti görüşə hazırlaşmalıyıq. Peyman Keşavarz və Hendrik Ekşteynsiz bizə çox çətin idi. Amma 1 xalı qazanmağı bacardıq".
Baş məşqçi Ruslan Hacıyevin qırmızı vərəqə aldığı epizodu da şərh edib: "Ruslan hücumda effektiv olsa da, müdafiədə bunu edə bilmir. Gəncdir, bu cür epizodları ona bağışlamaq olar. Xeyli vaxt idi start heyətində meydana çıxmırdı".
Hacıyev Ekşteynin oynamamasının səbəbini də açıqlayıb: "Keşlə” ilə oyunun sonlarında zədələnmişdi. Həkim müayinəsindən sonra 2-3 həftəlik sıradan çıxdığı müəyyənləşdi. Yəqin ki, millinin oyunları ilə bağlı yaranacaq fasilədə tam bərpa olacaq".