İspaniya "Barselona"sının Çempionlar Liqasında Fransada PSJ komandası ilə 1:1 hesablı heç-heçə etdiyi 1/8 final mərhələsinin cavab oyunu antirekordlarla əlamətdar olub.
Sportnet.az-ın məlumatına görə, ilk matçda rəqibinə 1:4 hesabı ilə uduzan Kataloniya təmsilçisi 2006/2007 mövsümündən sonra ilk dəfə 1/8 final mərhələsinə yüksələ bilməyib. Komanda həmin vaxtdan ardıcıl 13 mövsüm 1/4 finala vəsiqə qazanıb.
Qarşılaşma ulduz futbolçu Lionel Messi üçün də antirekordla yadda qalıb. 34 yaşlı hücumçu 2015-ci ildən sonra ilk dəfə Çempionlar Liqasında penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. 6 il əvvəl argentinalı oyunçunun zərbəsini İngiltərənin "Mançester Siti" klubunun sabiq qapıçısı Co Hart, PSJ ilə matçda isə Keylor Navas dəf edib.
Həmçinin 2005-ci ildən sonra qitənin bir nömrəli klub turnirinin 1/4 finalında nə Kriştianu Ronaldu, nə də Lionel Messi iştirak edəcək.
Ronaldu İtaliya "Yuventus"unun heyətində Portuqaliya "Portu"sunu keçə bilməyib. Səfərdə 1:2 hesabı ilə uduzan Turin təmsilçisi, evdə eyni hesabla qələbə qazanıb. Əlavə vaxtda isə komandalar hərəyə bir dəfə fərqlənib. Beləliklə, "Portu" səfərdə daha çox qol vurduğu üçün növbəti mərhələyə yüksəlib.