Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi aprelin 24-də Albaniyada keçiriləcək parlament seçkilərində səs verəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə italiyalı mütəxəssis "Sport News" nəşrinə açıqlamasında bildirib.
Albaniya vətəndaşı olduğu üçün fəxr etdiyini deyən De Byazi diplomatik pasportunun ləğv edilməsi ilə bağlı məsələyə də toxunub. 65 yaşlı baş məşqçi hələ rəsmi qərar olmadığını bildirib: "Bunu jurnalistlərdən eşitmişəm. Həqiqətən belədirsə, bir az mənasız qərardır. Çünki hansısa uğurumuza görə bu sənədi verib, 5 ildən sonra ləğv etmək absurddur. Amma tələb etsələr, pasportu mütləq qaytaracağam".
Qeyd edək ki, 2011 - 2017-ci illərdə Albaniya millisinə rəhbərlik etmiş Canni De Byaziyə diplomatik pasport yığmanı 2016-cı il Avropa çempionatının final mərhələsinə çıxardığı üçün verilib.