"Son oyunda komanda şəklində uduzduq".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Neftçi"nin kapitanı Emin Mahmudov evdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXI tur oyunu barədə danışarkən deyib.
29 yaşlı futbolçu baş məşqçi Samir Abasovun tapşırıqlarını yerinə yetirə bilmədiklərini söyləyib: "Baş məşqçi "Sumqayıt"ın üstün tərəflərini bizə demişdi. Sadəcə, tapşırıqları yerinə yetirə bilmədik".
Təcrübəli yarımmüdafiəçi artıq növbəti turda "Qəbələ" ilə keçirəcəkləri səfər matçına kökləndiklərini vurğulayıb: "İndi bizim üçün önəmli olan qarşıdakı oyunda qələbə qazanmaqdır. Başqa heç nə haqqında düşünmürük".
Mahmudov ötən tur "Neftçi"də ilk rəsmi matçına çıxan yaponiyalı ulduz futbolçu Keysuke Hondanın çıxışını da dəyərləndirib: "Honda cəmi 1 hissə oynayıb. İnanıram ki, bizə kömək edəcək. Çox ağıllı oyunçudur".
Milli komandanın aparıcı üzvlərindən birinə çevrilən yarımmüdafiəçi baş məşqçi Canni De Byazinin yenidən ona etimad göstərməsinin səbəbini açıqlayıb: "Bəzi şeyləri öz aramızda danışdıq. Məndən nə istədiyini izah etdi. Məşqdə onun tapşırıqlarını yerinə yetirməyə çalışdım. Bundan sonra mənə şans verdi".
Qeyd edək ki, aprelin 10-da keçiriləcək "Qəbələ" - "Neftçi" matçı saat 16:00-da başlayacaq.