İspaniya La Liqasında XXX turun mərkəzi görüşü "Real Madrid" və "Barselona" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, Madriddəki "Alfredo di Stefano" stadionunda təşkil olunmuş El Klasiko meydan sahiblərinin qələbəsi ilə yekunlaşı - 2:1.
Hesabı 13-cü dəqiqədə "kral klubu"nun hücumçusu Kərim Benzema açıb. Bundan 15 dəqiqə sonra Toni Kroos fərqi artırıb. 60-cı dəqiqədə isə Oskar Mingesa "Barselona"nın təsəlli qolunu vurub.
90-cı dəqiqədə Karlos Kazemiro 30 saniyə ərzində iki sarı vərəqə alaraq, "Real Madrid"i azlıqda qoyub. Lakin Kataloniya komandası uzatma dəqiqələrində bərabərlik qolunu vura bilməyib.
Görüş 39-cu dəqiqədən etibarən güclü yağış altında keçib. Fasilədən sonra yağış leysana keçsə də, matçı sona çatdırmaq mümkün olub.
Beləliklə, xalını 66-ya çatdıran "Real Madrid" ən azı bir günlük liderə çevrilib. Eyni xala malik "Atletiko" yenidən vahid lider olmaqdan ötrü aprelin 11-də "Betis"lə səfər oyununda uduzmamalıdır. 65 xalı olan "Barselona" isə 3-cü pilləyə enib.
Qeyd edək ki, bu, iki komanda arasında tarixdə 279-cu, La Liqada isə 182-ci El Klasiko olub. "Real Madrid" çempionat qarşılaşmalarında 75-ci qələbəsini qazanıb. Sonuncu dəfə 2019-cu ilin martında qalib gəlmiş "Barselona"da bu göstərici 72-də qalıb. Daha 35 matç isə heç-heçə ilə nəticələnib.