"Əlbəttə, ən kritik oyunda önəmli qələbə qazandıq. Rəqib xal qazansaydı, bu, bizə çətin anlar yaşada bilərdi. İkinci hissədə futbolçularımız üstün, taktiki cəhətdən düzgün oynadılar. Komandamı və azarkeşlərimizi təbrik edirəm. Sonadək vuruşacağıq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Qəbələ"ni 2:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XXIII tur oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bu il ilk dəfə "Qəbələ"ni uda bildiklərini söyləyib. O, "Qarabağ"a 1:4 hesabı ilə uduzmalarına rəğmən, ümidverici oyun sərgilədiklərini söyləyib: "Belə məğlubiyyətlərdən sonra komandanın toparlanması, ruhunun yerində olması önəmlidir. Məncə, vəziyyətdən çıxa bildik".
Abbasov Camaləddin Xocaniyazovun vəziyyətinə sabah aydınlıq gələcəyini diqqətə çatdırıb: "Ümid edirik ki, zədəsi iki həftədən çox çəkməyəcək".
Baş məşqçi Rəhim Sadıxovun Ukrayna klubundan təklif alması xəbərinə də aydınlıq gətirib: "Onun bizimlə müqaviləsi var. Bizə onun Ukrayna klubundan təklif alması deyilməyib. Hansı klub istəsə, ilk növbədə, bizə müraciət etməlidir".
Abbasovun sözlərinə görə, komandada kimin qalıb-qalmaması büdcədən asılıdır: "Bu gün hansısa futbolçuya rahatlıqla qalmasını təklif edə bilmirik. Çempionat bitdikdən sonra rəhbərliklə söhbət edəcəyik".