"Neftçi"nin yeni transferi Keysuke Honda Azərbaycan mətbuatına açıqlama verməkdən imtina edib.
Sportnet.az-ın məlumatına görə, yaponiyalı yarımmüdafiəçi bunu Bakıya ayaq basdığı ilk gündən nümayiş etdirməkdədir. Hətta klub televiziyasının da müsahibə istəyini geri çevirən 35 yaşlı yarımmüdafiəçi indiyədək yalnız təqdimat mərasimində medianın suallarını cavablandırıb.
Əvəzində o, vətənində "NowVoice" adlı rəqəmsal media istifadəyə verib və həmin radioda müxtəlif mövzularda fikirlərini bölüşür. Honda bu gün şəxsi tvitterində məlumat paylaşaraq, saat 14:15-də efirdə olacağını bildirib. Təcrübəli oyunçu ötən gün "Neftçi"nin "Zirə"ni 4:0 hesabı ilə yendiyi Azərbaycan Premyer Liqasının XXIII tur matçı barədə danışacağını diqqətə çatdırıb.
Honda həmçinin azərbaycanlı MMA döyüşçüləri Tofiq Musayev və Vüqar Kərəmovla fotosunu paylaşaraq, "Dünənki oyunumuzu izləməyə super qonaqlar gəlmişdi" yazıb.
Qeyd edək ki, Keysuke Honda "Neftçi" ilə mövsümün sonunadək müqavilə bağlayıb.