UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin digər oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Fransada PSJ ilə qarşılaşan İngiltərənin "Mançester Siti" komandası 2:1 hesablı əzmkar qələbə qazanıb.
Matçda hesabı meydan sahibləri açıblar. Markinyos 15-ci dəqiqədə komandasını önə çıxarıb. İlk hissə Paris təmsilçisinin minimal üstünlüyü ilə başa çatıb. İkinci yarıya daha yaxşı başlayan qonaqlar 64-cü dəqiqədə Kevin De Bröyne, 7 dəqiqə sonra isə Riyad Mahrezin vurduğu qollarla hesabı öz xeyrinə dəyişib. 77-ci dəqiqədə PSJ-nin heyətdində İdrissa Geye qırmızı vərəqə alaraq, meydandan qovulub. Beləliklə, səfərdə qələbə qazanan "şəhərlilər" cavab matçı öncəsi böyük üstünlük əldə edib.
------------------------------------------------------------------------------------------------
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin digər oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, İngiltərənin "Mançester Siti" komandası Fransada ötən mövsümün finalçısı PSJ ilə üz-üzə gələcək. Almaniyalı FIFA referisi Feliks Brixin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.
Vacib oyun öncəsi komandaların heyətində itki yoxdur. Sadəcə, Paris təmsilçisində müdafiəçi Markinyosun meydana çıxıb-çıxmayacağı sual altındadır.
Yarımfinalın digər oyununda İngiltərə təmsilçisi "Çelsi" İspaniyada "Real Madrid"lə heç-heçə edib - 1:1.
UEFA Çempionlar Liqası, yarımfinal
İlk oyun
23:00. PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə) - 1:2
Qollar: Markinyos, 15 -Kevin De Bröyne, 64, Riyad Mahrez, 71
Qırmızı vərəqə: İdrissa Geye, 77 (PSJ)
Qeyd edək ki, yarımfinal mərhələsində cavab qarşılaşmaları 4-5 mayda oynanılacaq.