Çempionlar Liqasının finalında "Çelsi"yə qələbə qazandıran yeganə qolun müəllifi Kay Haverts 2016-cı ildə Bakıda 17 yaşadək futbolçular arasında keçirilmiş Avropa çempionatında iştirak edib.
Sportnet.az-ın məlumatına görə, Haverts həmin yarışda 5 oyuna 1 qol vurub. O, komanda yoldaşı, sonradan Azərbaycanın əsas millisinə cəlb olunmuş Renat Dadaşovla birgə Bundestimlə yarımfinaladək irəliləməyi bacarıb. Dadaşov 3 dəfə fərqlənib ki, bunlardan biri İspaniyaya 1:2 hesabı ilə uduzduqları yarımfinal görüşünə təsadüf edib.
2020/2021 mövsümündə azərbaycanlı futbolçu İsveçrə "Qrasshopper"ində icarə əsasında çıxış edib. Haverts isə 2020-ci il sentyabrın 4-də "Çelsi"yə "Bayer"dən 62 milyon funt sterlinq, üstəgəl 9 milyon funt qarşılığında keçərək, "zadəganlar"ın qapıçı Kepa Arrisbalaqadan sonra ikinci ən bahalı transferi olub.
Qeyd edək ki, "Çelsi" Çempionlar Liqasının finalında "Mançester Siti"ni 1:0 hesabı ilə yenib.