Futbol üzrə Avropa çempionatında ilk 1/8 finalçı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, A qrupunun II turunda Romada İsveçrə yığmasına 3:0 hesabı ilə qalib gələn İtaliya millisi pley-offa vəsiqəni təmin edib.
"Olimpiko" staionunda keçirilən görüşdə ilk iki qolu Manuel Lokatelli vurub. Əvvəlcə 26-cı dəqiqədə fərqlənən "Sassuolo"nun 23 yaşlı yarımmüdafiəçisi 52-ci dəqiqədə 2-ci topu rəqibin qapısından keçirib. Matçda son nöqtəni isə 89-cu dəqiqədə Çiro İmmobile qoyub.
Bu qələbədən sonra xallarını 6-ya çatdıran Roberto Mançininin baş məqçi olduğu kollektiv qrupdakı son oyunun nəticəsindən asılı olmayaraq, növbəti raunda adlayıb.
Qeyd edək ki, A qrupunun digər matçında Türkiyə millisi Bakı Olimpiya Stadionunda Uels yığmasına 0:2 hesabı ilə uduzub.
-----------------------------
Futbol üzrə Avropa çempionatının A qrupunda II tura start verilib.
Sportnet.az-ın məlumatına görə, Türkiyə milisi Bakıda Uelslə üz-üzə gəlib.
Bakı Olimpiya Stadionunda (BOS) keçirilən qarşılaşma Britaniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yükunlaşıb. Görüşdə ilk qol birinci hissənin sonlarında vurulub. 43-cü dəqiqədə Aaron Remsi qapıçısı Uğurcan Çakırla təkbətək dueldən qalib ayrılıb. 90+5-ci dəqiqədə isə Konnor Roberts fərqi iki topa çatdırıb.
İkinci yarıda "ay-ulduzlular" daha fəal çıxış etsə də, bir neçə qol epizodunu boşa verib. 60-cı dəqiqədə Zeki Çelik cərimə meydançasının xətti üzərində Qaret Beylə qarşı kobudluq oynayıb. Qarşılaşmanın baş hakimi Artur Diaş 11 metrlik nöqtəni göstərib. Beyl 61-ci dəqiqədə penaltidən yararlana bilməyib və topu qapının üstündən vurub.
BOS-dakı ilk matçda İsveçrə ilə 1:1 hesablı heç-heçə edən Uels yığması qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb. Romadakı açılış qarşılaşmasında İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyənin isə xalı yoxdur. Şenol Güneşin baş məşqçi olduğu komanda qrupdan çıxmaq şansını çətinləşdirib.
Qeyd edək ki, Türkiyə yığması iyunun 20-də Bakıda İsveçrə ilə qarşılaşacaq. İyulun 3-də BOS-da 1/4 final mərhələsinin bir oyunu da baş tutacaq.
-------------------------------------------------
Futbol üzrə Avropa çempionatının qrup mərhələsində II tura start verilib.
Sportnet.az-ın məlumatına görə, B qrupunda turnirin ev sahiblərindən Rusiya millisi Finlandiyanı qəbul edib. Sankt-Peterburqdakı eyniadlı stadionda keçirilən görüş rusiyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Aleksey Mirançuk vurub.
Bu qələbədən sonra xallarını 3-ə çatdıran Rusiya seçməsi qrupda 2-ci pilləyə yüksəlib. Eyni xala malik Finlandiya yığması isə 3-cüdür.
Qeyd edək ki, bu qrupun Danimarka - Belçika matçı sabah oynanılacaq.
-------------------------------------
Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun oyunlarına start veriləcək.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçı B qrupuna təsadüf edəcək. İlk turda meydan sahiblərindən Danimarkaya qalib gələrək sensasiyaya imza atan Finlandiya millisi birinci matçda Belçikaya 0:3 hesabı ilə uduzan Rusiya yığmasının qonağı olacaq. Sankt-Peterburqdakı eyniadlı arenada oynanılacaq qarşılaşma Bakı vaxtı ilə 17:00-da başlayacaq. Oyunu niderlandlı referi Denni Makkeli idarə edəcək. Hazırda finlandiyalılar 3 xalla qrupda 2-ci, xalı olmayan rusiyalılar isə sonuncudur.
Günün qalan 2 oyunu A qrupunda olacaq. Açılış matçında Romada İtaliyaya 0:3 hesabı iləməğlub olan Türkiyə millisi qrupdakı ikinci görüşünü Bakıda keçirəcək. "Ay-ulduzlular" Bakı Olimpiya Stadionunda Uels yığması ilə üz-üzə gələcək. Britaniyalılar birinci turda bu arenada İsveçrə ilə heç-heçə edib - 1:1. Saat 20:00-da start götürəcək oyunun baş hakimi portuqaliyalı Artur Diaş olacaq. Şenol Güneşin baş məşqçi olduğu kollektiv hazırda qrupda xalsız yeganə komandadır. 1 xalı olan Uels millisi isə İsveçrə ilə birlikdə 2 - 3-cü yerləri bölüşdürür.
A qrupunun digər matçında isə turnirin favoritlərindən İtaliya millisi İsveçrə yığmasını qəbul edəcək. Romadakı "Olimpiko" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu rusiyalı FIFA referisi Sergey Karasyov idarə edəcək. Hazırda Roberto Mançinin başçılıq etdiyi kollektiv 3 xalla qrupun lideridir.
Avropa çempionatı
A qrupu, II tur
20:00. Türkiyə - Uels - 0:2
Qollar: Aaron Remsi, 43, Konnor Roberts, 90+5
İstifadə olunmamış penalti: Qaret Beyl, 61 (Uels)
Baş hakim: Artur Diaş (Portuqaliya)
Bakı, Bakı Olimpiya Stadionu
23:00. İtaliya - İsveçrə - 3:0
Qollar: Manuel Lokatelli, 26; 52, Çiro İmmobile, 89
Baş hakim: Sergey Karasyov (Rusiya)
Roma, "Olimpiko" stadionu
Xal durumu: İtaliya - 6, Uels - 4, İsveçrə - 1, Türkiyə - 0
B qrupu
17:00. Finlandiya - Rusiya - 0:1
Qol: Aleksey Mirançuk, 45+2
Baş hakim: Denni Makkeli (Niderland)
Sankt-Peterburq, "Sankt-Peterburq" stadionu
Xal durumu: Belçika - 3, Rusiya - 3, Finlandiya - 3, Danimarka - 0