Futbol üzrə Avropa çempionatının C qrupunda II tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, Niderland millisi Amsterdamdakı "Yohan Kroyf Arena"da Avstriya yığması ilə qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən "narıncılar" 1/8 finala vəsiqəni təmin ediblər.
Görüşdə hesabı 11-ci dəqiqədə penaltidən Memfis Depay açıb. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıya da fəal başlayan meydan sahibləri 67-ci dəqiqədə Denzel Dümfrisin qolu ilə fərqi 2 topa çatdırıblar. Bu qol eyni zamanda oyunun yekun nəticəsini müəyyənləşdirib.
Beləliklə, xallarını 6-ya çatdıran Niderland seçməsi vaxtından əvvəl pley-offa yüksəlib. Avstriya isə 3 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, daha əvvəl İtaliya və Belçika yığmalarının qrupdan çıxmaları dəqiqləşib.
------------------------------------
Futbol üzrə Avropa çempionatında B qrupunun II turuna yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun növbəti qarşılaşmasında Danimarka və Belçika yığmaları üz-üzə gəlib. Kopenhagendəki "Parken" stadionunda təşkil olunmuş qarşılaşma Belçikanın əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı Danimarka millisinin hücumçusu Yussuf Poulsen açıb. 27 yaşlı forvard 1 dəqiqə 39-cu saniyədə fərqlənərək, Avropa çempionatları tarixinin ikinci ən sürətli qolunun müəllifi olub.
Fasilədən sonra "qırmızı şeytanlar" hesabda dönüş etməyi bacarıb. 55-ci dəqiqədə Torqan Azar, 70-ci dəqiqədə Kevin De Bruyne fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.
Bununla da Rusiyanın ardından (3:0) Danimarkanı da yenən Belçika millisi xalını 6-ya çatdıraraq, B qrupunun lideri kimi 1/8 finala növbəti vəsiqəyə sahib çıxıb. İlk vəsiqəni ötən gün A qrupundan İtaliya yığması əldə edib.
Qeyd edək ki, B qrupunda II turun digər görüşündə Rusiya Finlandiyaya 1:0 hesabı ilə qalib gəlib. Hazırda bu iki komanda 2-3-cü yerləri bölüşür. III turda Belçika Finlandiyanı, Rusiya Danimarkanı sınağa çəkəcək.
-----------------------------------
Futbol üzrə Avropa çempionatının C qrupunda II tura start verilib.
Sportnet.az-ın məlumatına görə, Ukrayna millisi Şimali Makedoniya yığması ilə qarşılaşıb. Rumıniyanın paytaxtı Buxarestdəki "Milli Arena"da keçirilən görüş Andrey Şevçenkonun baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda ilk qolu 29-cu dəqiqədə ukraynalıların heyətində Andrey Yarmolenko vurub. Cəmi 5 dəqiqə sonra Roman Yaremçuk fərqi 2 topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb. 56-cı dəqiqədə Şimali Makedoniya millisinin müdafiəçisi Özcan Alioski buraxılan qollardan birinin əvəzini çıxıb. Onun yerinə yetirdiyi penalti zərbəsini rəqib qapıçı dəf etsə də, topa hamıdan tez çatan Alioski adını tabloya yazdırıb. 84-cü dəqiqədə Ukrayna yığması 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. Ruslan Malinovskinin fərqlənməsinə qolkiper Stole Dimitrevski imkan verməyib.
Bu qələbədən sonra xallarını 3-ə çatdıran Ukrayna 3-cü pillədəki yerini qoruyub. Xalı olmayan Şimali Makedoniya isə sonuncudur.
Qeyd edək ki, bu qrupun digər oyununda Niderland və Avstriya yığmaları üz-üzə gələcəklər.
--------------------------------
Bu gün futbol üzrə Avropa çempionatında daha 3 oyun keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, matçlardan biri B, ikisi isə C qrupunda baş tutacaq.
Günün ilk oyunu Rumıniyada olacaq. C qrupunun ilk turunda Niderlanda 2:3 hesabı ilə uduzan Ukrayna millisi Buxarestdəki "Milli Arena"da Şimali Makedoniya ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq matçı argentinalı FIFA referisi Fernando Rapallini idarə edəcək.
Günün ikinci qarşılaşması Danimarka və Belçika milli komandaları arasında gerçəkləşəcək. Kopenhagendəki "Parken" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşün baş hakimi niderlandlı Byörn Kuypers olacaq. Danimarkalılar ilk görüşdə Finlandiyaya 0:1 hesabı ilə uduzub. Belçika isə Rusiyanın qapısından 3 cavabsız qol keçirib. Roberto Martinesin baş məşqçi olduğu kollektiv rəqibinə qalib gələcəyi təqdirdə 1/8 finala vəsiqəni təmin edəcək.
C qrupunun digər görüşündə turnirin favoritlərindən Niderland yığması Avstriya ilə münasibətlərinə aydınlıq gətirəcək. Amsterdamdakı "Yohan Kroyf Arena"da gerçəkləşəcək matçı İsrail Futbol Assosiasiyasından Orel Qrinfeld idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Avropa çempionatı
B qrupu, II tur
20:00. Danimarka - Belçika - 1:2
Qollar: Yussuf Poulsen, 2 - Torqan Azar, 55. Kevin de Brüyne, 70
Baş hakim: Byörn Kuypers (Niderland)
Kopenhagen, "Parken" stadionu
Xal durumu: Belçika - 6, Rusiya - 3, Finlandiya - 3, Danimarka - 0
C qrupu
17:00. Ukrayna - Şimali Makedoniya - 2:1
Qollar: Andrey Yarmolenko, 29, Roman Yaremçuk, 34 - Özcan Alioski, 56
İstifadə olunmamış penalti: Özcan Alioski, 56 (Şimali Makedoniya)
Baş hakim: Fernando Rapallini (Argentina)
Buxarest, "Milli Arena"
23:00. Niderland - Avstriya - 2:0
Qollar: Memfis Depay, 11 (penalti), Denzel Dümfris, 67
Baş hakim: Orel Qrinfeld (İsrail)
Xal durumu: Avstriya - 3, Niderland - 3, Ukrayna - 0, Şimali Makedoniya - 0