
“Neftçi” UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, “ağ-qaralar” “Bakcell Arena”da İsrailin “Makkabi” (Hayfa) komandası ilə qarşılaşıb. Fransalı FIFA referisi Villi Delajonun idarə etdiyi görüş 3:3 hesabı ilə başa çatıb.
Meydana 5-4-1 taktiki düzülüşü ilə çıxan flaqmanın qapısını Aqil Məmmədov qoruyub. Beşli müdafiənin mərkəzində Mamadu Mboc, Voislav Stankoviç, Mert Çelik, cinahlarında isə Romen Bask və gənc İsmayıl Zülfüqarlı oynayıb. Yarımmüdafiə xəttində Mamadu Kane, Emin Mahmudov, Sabir Buqrin və Yusuf Laval çıxış edib. Hücumun sivri ucunda isə Harramiz Soareş yer alıb.
Əvvəlki oyunlardan fərqli budəfəki matça "Neftçi" azarkeşlərinin marağı elə də çox deyildi. Qarşılaşmanı tribunadan təqribən 2 minə yaxın tamaşaçı izləyib. Görüş qonaqların hücumları ilə başlayıb. Bunun məntiqi nəticəsi kimi 9-cu dəqiqədə hesab açılıb. Hayfa təmsilçisinin heyətində Omer Atsili fərqlənib. “Neftçi” buraxılan qola Yusuf Lavalla cavab verməyə yaxın olsa da, nigeriyalı yarımmüdafiəçinin zərbəsini qarşısını rəqib müdafiəçi kəsib. 25-ci dəqiqədə “Makkabi” futbolçuları fərqi artırmaq üçün yaxşı fürsət yaxalayıblar. Lakin Aqil Məmmədov Tyaron Çerinin qol vurmasına imkan verməyib. 31-ci dəqiqədə görüşün referisi Villi Delajo “Neftçi”nin baş məşqçisi Samir Abasova etiraza görə sarı vərəqə göstərib. Tədricən təşəbbüsü ələ alan “ağ-qaralar” Harramiz Soareşlə “Makkabi”nin qapısı qarşısında təhlükə yaradıblar. Lakin hücumçunun başla zərbəsi istənilən kimi alınmayıb. Bakı klubu fasiləyə minimal hesablı üstünlüklə yollanıb.
İkinci hissəyə daha inamlı start verən “Neftçi” 50-ci dəqiqədə yusuf Lavalın uzaq məsafədən vurduğu baxımlı qolla tarazlığı bərpa edib. Qoldan ruhlanan meydan sahibləri 66-cı dəqiqədə rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Laval özünün və komandasının 2-ci qoluna imza atıb. 72-ci dəqiqədə “Neftçi”nin heyətində Emin Mahmudov səhnəyə çıxıb. Kapitan Lavalın sol cinahdan ideal ötürməsini boş qapıya göndərib. 77-ci dəqiqədə flaqman meydanda azlıqda qalıb. İsmayıl Zülfüqarlı ikinci sarı vərəqəni görərək, qovulub. Təyin olunan cərimə zərbəsini dəqiq yerinə yetirən Tyaronn Çeri isə hesab arasında fərqi minimuma endirib. Oyunun sonlarında Aqil Məmmədov 2 dəfə komandasını 100 faizlik qoldan xilas edib. Lakin qonaqlar görüşün əsas vaxtına əlavə olunmuş 6-cı dəqiqəsində hesabı bərabərləşdiriblər. Çeri dubl müəllifi olub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 26-da olacaq.
-----------------------------
"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda Şotlandiyanın "Aberdin" klubu ilə üz-üzə gəlib.
Matçı sloveniyalı Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşə meydan sahibləri üstün başlayan tərəf olub. 7-ci dəqiqədə Toral Bayramovun zərbəsini Co Lüis dəf edib. 25-ci dəqiqədə Qara Qarayevin uzaq məsafədən zərbəsi qapının yanından keçib. "Köhlən atlar" 30-cu dəqiqədə hesabı açmağa müvəffəq olub. İspaniyalı yarımmüdafiəçi Xayme Romero rəqib müdafiəçini aldatdıqdan sonra topu qapıdan keçirib. İlk yarının sonlarında "Aberdin" ara-sıra hücumlar qurmağa çalışsa da, çərçivəyə düşməkdə çətinlik çəkib.
İkinci hissədə də "Qarabağ" oyuna daha çox nəzarət etsə də, başqa qol vurulmayıb. 85-ci dəqiqədə Kristian Ramiresin zərbəsindən sonra qapıçı Şahruddin Məhəmmədəliyev topu asanlıqla tutub. Sonuncu dəqiqələrdə Marko Veşoviç qapıçı ilə təkbətək qalsa da, fərqi artıra bilməyib. Beləliklə, "Qarabağ" Konfrans Liqasında üçüncü qələbəsini də minimal hesabla qazanıb.
Qeyd edək ki, komandalar arasındakı cavab matçı bir həftə sonra Şotlandiyada olacaq.
------------------------------
Azərbaycan təmsilçiləri "Qarabağ" və "Neftçi" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyunlarına çıxacaq.
Sportnet.az-ın məlumatına görə, hər iki komanda birinci matçlarını Bakıda keçirəcək.
Ağdam klubu Tofiq Bəhramov adına Respublika stadionunda Şotlandiya "Aberdin"ini qəbul edəcək. Saat 20:00-da başlayacaq matçı sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edəcək. "köhlən atlar"ın heyətində zədəlilər Bədavi Hüseynov, Rahil Məmmədov və Elvin Cəfərquliyev oyunu buraxacaqlar. Qonaqlarda isə uelsli hücumçu Rayan Heces dizindəki zədəyə görə heyətdən çıxarılıb.
"Neftçi" isə "Bakcell Arena"da İsrailin "Makkabi" (Hayfa) komandası ilə qarşılaşacaq. Görüşün start fiti saat 21:00-da veriləcək. Qarşılaşmanın baş hakimi Uilli Delajo olacaq. Flaqmanın heyətində koronavirusdan sağalan Uqo Basto və hərarəti olduğu üçün Premyer Liqanın ilk turunda "Qəbələ" ilə matçı buraxan Sabir Buqrin artıq məşqlərə başlayıb. Onların qarşıdakı matçda forma geyinməsi gözlənilir. Hayfa təmsilçisində isə itki yoxdur.
Qeyd edək ki, komandalar arasında cavab matçları avqustun 26-da olacaq.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyunlar
20:00. "Qarabağ" - "Aberdin" (Şotlandiya) - 1:0
Qol: Xayme Romero, 30
Hakimlər: Rade Obrenoviç, Yure Prorotnik, Aleksandr Kasapoviç, Asmir Saqrkoviç (Sloveniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
21:00. "Neftçi" - "Makkabi" (Hayfa, İsrail) - 3:3
Qollar: Yusuf Laval, 50; 66, Emin Mahmudov, 72 - Omer Atsili, 9, Tyaronn Çeri, 78; 90+6
Qırmızı vərəqə: İsmayıl Zülfüqarlı, 77 ("Neftçi)
Hakimlər: Uilli Delajo, Mehdi Rəhmani, Ervan Kristof Fincin, Tomas Leonar (Fransa)
Bakı. "Bakcell Arena" stadionu