
Məşhur italiyalı futbolçu Canluka Zambrotta Bakıya gələcək. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Zambrotta mayın 19-da Bakıda keçiriləcək Beynəlxalq Futbol Könüllülüyü Forumuna səfir qismində qatılacaq.
"Abşeron Marriott" otelində baş tutacaq tədbirdə 8 ölkədən 9 beynəlxalq səviyyəli spiker çıxış edəcək. Spikerlərin mövzusu müxtəlif dövrlərdəki tədbir və layihələrdən qazanılmış təcrübələrdir. İştirakçı qismində azərbaycanlı könüllülərlə yanaşı, forumda Polşa, Çin və Türkiyədən də könüllülər iştirak edəcək.
Qeyd edək ki, Canluka Zambrotta futbolçu karyerası ərzində İtaliyanın "Yuventus” və "Milan”, İspaniyanın "Barselona” klublarında oynayıb, İtaliya millisinin heyətində isə 2000-ci ildə Hollandiya və Belçikada keçirilmiş Avropa çempionatında gümüş medal qazanıb, 2006-cı ildə isə Almaniyada təşkil olunmuş dünya çempionatının qalibi olub.