"Hər iki oyun finala vəsiqə qazanmaq üçün keçməli olduğumuz səddir. Final deyəndə Portuqaliya ilə sonuncu qarşılaşmanı nəzərdə tuturam".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç Lüksemburq və Azərbaycana qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunlarından əvvəl mətbuat konfransında deyib.
56 yaşlı mütəxəssis bildirib ki, nəticə və qrupdakı vəziyyətdən asılı olmayaraq, noyabrda Lissabona qələbə üçün gedəcəklər: "Qarşıdakı görüşlərdə diqqətli olmalıyıq. Matçlara hazırlaşarkən bütün detallara diqqət edirik".
Qeyd edək ki, sentyabrın 9-da Lüksemburqun qonağı olacaq Serbiya yığması 3 gün sonra Azərbaycan millisini qəbul edəcək. Hazırda Serbiya A qrupunda 11 xalla ikinci, Portuqaliya ilə 13 xalla birinci pillədə qərarlaşıb.