“Premyer Liqada hələlik 6 tur geridə qalıb. Komandaların iddiaları indidən bilinir. Ötən mövsüm çempionun son turda müəyyənləşməsi yarışın çətin keçməsindən xəbər verir".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Riçard Almeyda klubun rəsmi saytına açıqlamasında deyib. Braziliya əsilli milliləşmiş yarımmüdafiəçi komandasının çempionluq titulunu qaytarması üçün məşqlərdə çox istəkli olduqlarını və baş məşqçi Qurban Qurbanovun dediklərini etməyə çalışdıqlarını bildirib: "Bundan əlavə, bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Çalışırıq ki, hədəfimizə çataq".
Almeyda UEFA Konfrans Liqasındakı çıxışlarından da söz açıb: "Bu, yeni turnirdir və qrup mərhələsinə uğurlu başladıq. Hər iki matçda baxımlı futbol nümayiş etdirdik. İsveçrə “Bazel”i ilə oyunda çox yaxşı mübarizə apardıq və hətta deyərdim ki, qələbəyə layiq idik. Bizi qrupda daha 4 çətin matç gözləyir. Qarşıdakı oyunlarda da eyni mübarizəni ortaya qoymaq istəyirik. Qrupda liderik və layiqli şəkildə bu yerdəyik. İnanıram ki, sona qədər mövqeyimizi qoruyub, növbəti mərhələyə yüksələcəyik”.
32 yaşlı oyunçu yenidən “Qarabağ” ailəsinə qayıtması və öz oyunu barədə isə bunları deyib: “Qarabağ”la qürur duyuram, fəxr edirəm. Müəyyən fasilədən sonra yenidən doğma komandama qayıtmışam. “Qarabağ”ın nə qədər inkişaf etdiyini hiss edirəm. Baş məşqçimizin dedikləri kimi, meydanda sona qədər mübarizə aparmaq və əsl əsgər kimi döyüşmək istəyirik. İnkişaf etmək üçün başımızı aşağı salıb, heç nəyə fikir vermədən irəli getməliyik. Bütün məşqçi heyətinin də tələbi budur və onların hər birinin əməyi danılmazdır. Biz futbolçuların üzərinə düşən isə onların dediklərini yerinə yetirməkdir".
Almeyda onu ailə kimi baxdığı kluba qaytardığı üçün baş məşqçi Qurban Qurbanova minnətdarlıq edib. O, get-gedə əvvəlki formasına yaxınlaşdığını söyləyib: "Bu möhtəşəm kollektivdə olduğum üçün çox xoşbəxtəm. Karyeramın ən möhtəşəm anları “Qarabağ”la bağlıdır. Burada unudulmaz günlər yaşamışam və unutmayacağım titullara sahib çıxmışıq. Yeni komanda yoldaşlarım var. Sanki mənim üçün hər şey yenidən başlayır. İlk günlər bir az çətinliklərim oldu, baxmayaraq ki, doğma komandamdayam. Əvvəlki Riçard olmağa çalışıram. Çempionatda 4 oyun keçirmişəm. “Omoniya” ilə matçda son 10 dəqiqədə meydanda oldum. Fikrimcə, əvvəlki formama yaxınlaşıram. Məşqlərdə çox çalışıram. Bilirəm ki, formamı bərpa etmək üçün çox çalışmalıyam. Qarşıma məqsəd qoymuşam ki, optimal formamı ən qısa müddətdə yığım. Azarkeşlərimizi daim sevindirmək istəyirik. Onlara bizi daim dəstəklədikləri üçün təşəkkür edirik”.