Kipr çempionatında "Omoniya" və "Apollon" komandaları arasında keçirilmiş VI tur matçında insident baş verib.
Sportnet.az-ın məlumatına görə, meydan sahiblərinin futbolçusu İyayi Atyemven zəif çıxışı səbəbindən 39-cu dəqiqədə əvəzlənməsinə kəskin formada etiraz edib. Meydanı tərk edərkən, onun yerinə girən komanda yoldaşına əl uzatmayan nigeriyalı yarımmüdafiəçi ehtiyat oyunçular skamyasına yollanarkən, su qabına təpiklə zərbə vurub.
Oyundan sonra mətbuat konfransında "Omoniya"nın baş məşqçisi Henninq Berq Atyemvenin hərəkətinə belə münasibət bildirib: "Mən onun məyusluğunu başa düşürəm. Lakin meydandan çıxdıqda su qabına zərbə endirməsi lazımsız idi. Dözümlü olmalıyıq".
Qeyd edək ki, "Omoniya" UEFA Konfrans Liqasında "Qarabağ"la eyni qrupda çıxış edir. İlk turda Qazaxıstanda "Kayrat"la qol heç-heçə etmiş Kipr təmsilçisi evdə "Qarabağ"a 1:4 hesabı ilə uduzub. Hazırda "Omoniya" 5 oyundan 7 xalla 6-cı pillədə qərarlaşıb.