“Səbail”in əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Ruslan Qafitullin vəzifəsindən ayrılıb.
Sportnet.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
2018-ci ildən etibarən “Səbail”in U-17 və U-19 komandalarında, 2021-ci ildən etibarən isə “Səbail-2”də baş məşqçi vazifəsində çalışan Ruslan Qafitullinin klub ilə müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub.
“Səbail”in əvəzedicilərinin yeni baş məşqçisi də müəyyənləşib. Bundan sonra sözügedən komandanı “Səbail-2”də köməkçi məşqçi vəzifəsində çalışan Səbuhi Həsənov çalışdıracaq. O, 2021-ci ilin dekabr ayının sonunadək komandanın baş məşqçisi vəzifəsini icra edəcək.
Qeyd edək ki, Səbuhi Həsənov 2018-ci ildən etibarən “Səbail”in U-13 və U-15 yaş qruplarında baş məşqçi, U-19 və “Səbail-2” komandalarında isə köməkçi məşqçi vəzifələrində çalışırdı.