
Futzal üzrə Avropa çempionatının D qrupunda II tura start verilib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandasının da yer aldığı qrupun ilk oyununda Gürcüstan yığması Bosniya və Herseqovinanı sınağa çəkib.
Gürcülər ilk hissədən sonra hesabda geridə olsalar da, ikinci yarıda 2 qol vuraraq qələbə qazanıblar - 2:1. Bu nəticədən sonra xallarını 6-ya çatdıran kollektiv liderliyə yüksəlib. Xalı olmayan Bosniya və Herseqovina isə sonuncu pillədə qərarlaşıb.
Gürcüstan yığması ilk turda Azərbaycana 3:2 hesabı ilə qalib gəlib. Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv qrupdakı ikinci sınağında bu gün İspaniya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Milli komanda məğlub olacağı halda, qrupdan çıxmaq şanslarını itirəcək.
Qeyd edək ki, İspaniya seçməsi ilk turda Bosniya və Herseqovinanı darmadağın edib - 5:1.