
"Əsl peşəkar kimi ədalətli qərar vermək onun həyat tərzidir".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Bakıda Fransa "Marsel"inə 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundakı feyr-pley jesti barədə danışarkən deyib.
O bildirib ki, 50 yaşlı mütəxəssisin İbrahima Vadjinin əl ilə qol vurduğu epizodda bu cür hərəkət edəcəyinə əmin idi: "Qurbanovu çoxdan tanıyıram, milli komanda və klublarda mənim futbolçum olub. Bir daha sübut etdi ki, ədalət hər şeydən üstündür. Özü belə olduğu üçün qərarı da belə verdi. Hesab edirəm ki, bu, hamıya bir mesaj oldu. Özü də mətbuat konfransında deyib ki, bu qərarı məndən hamı gözləyirdi, ona görə də verdim".
AFFA Məşqçilər Komitəsinin sədri hesab edir ki, haqq-ədalət elə peşəkarlıqda olmalıdır: "Rəqib komandanın baş məşqçisi Xorxe Sampaoli deyib ki, mən olsam, belə etməz, qola sevinərdim. Bütün insanlar eyni deyil. Bu səbəbdən də bizdə Sampaoli yox, Qurban Qurbanov var. Peşəkarlıqla mənəviyyatı ayırmaq olmaz".
Ağdam klubunun "Marsel"lə oyunlardakı çıxışına da toxunan Sadıqov komandaya təşəkkür düşdüyünü söyləyib: "Avropada öz dəst-xətti, oyun üslubu ilə seçilən bir komandamız var, o da "Qarabağ"dır. Güclü komandalara qarşı matçlarda yaxşı oyun sərgiləsək də, istənilən nəticəni əldə edə bilmirik. Bəlkə də kənardan baxıb səbəbləri demək çox rahat olar. Amma bunu Qurban Qurbanov bizdən qat-qat yaxşı bilir. Konfrans Liqasındakı çıxışı təhlil edərək, gələcəkdə balanslı futbol nümayiş etdirəcəklər. İnanıram ki, gözəl və məzmunlu çıxışlarla nəticəyə yönələn praqmatik futbolun da şahidi olacağıq. Çox heyf ki, "Qarabağ" güclü rəqibə qarşı baxımlı oyunla mərhələni adlaya bilmədi, hansısa xırda səhvlərə görə məğlub duruma düşdü. Amma dediyim kimi, bunu baş məşqçinin özü də çox yaxşı bilir, təhlil edir. Gələcəkdə Avropada bundan da güclü "Qarabağ" görəcəyik".
Milli assosiasiya rəsmisi hər iki matçdakı məğlubiyyətə görə "Qarabağ"ın qapıçısı Luka Quqeşaşvilinin tənqid olunmasına da münasibət bildirib: "Bu gün bütün səhvləri qapıçıda görürük. Biz məşqçilər hər zaman deyirik ki, götürülməyən toplar yoxdur. Qapıçı mövqeni düzgün seçməli, çıxışlarda səhv etməməlidir. Amma ən vacibi odur ki, "Marsel" kimi komanda "Qarabağ"dan çəkinib müdafiəyəmeylli futbol sərgilədi. Biz buna görə sevinməliyik. İlk oyunda 3:1 hesablı qələbə qazanan rəqib cavab matçında da "Qarabağ"dan çəkinirdi. Bakıda beşli müdafiə ilə oynayan, 2-ci qoladək iki-üç ötürmə verə bilməyən "Marsel" gördük. Onlara bu imkanı verməyən "Qarabağ" idi".
Sadıqovun sözlərinə görə, bu gün "Qarabağ"ın Avropa futbolunda nüfuzu çox böyükdür: "Köhlən atlar"dan "Marsel" kimi komanda çəkinir. Bu, ciddi uğurdur. Çox istərdik ki, nəticə də əldə edək. Hansısa məğlubiyyəti sırf kiminsə üstünə ata bilmərik. Qurban Qurbanov həmişə "Biz uduzanda da komanda kimi məğlub oluruq" deyir. "Qarabağ" heç kimi məyus etmədi, "Marsel"lə oyunlarda simasını itirmədi. Bəlkə də çoxu məni başa düşməyəcək ki, 0:3 hesablı məğlubiyyətə baxmayaraq, komandaya bu qədər tərif deyirəm. Amma elə deyil. Statistika da mənim dediklərimi təsdiqləyir. Qapı istiqamətinə rəqibdən 4-5 dəfə artıq zərbə endirmişik. Topa nəzarət "Qarabağ"ın tərəfində olub. bütün göstəricilərdə üstün olmuşuqsa, bu, "Qarabağ"ın düzgün yolda olduğunu göstərir".
O, "Qarabağ"ın Azərbaycan futboluna inamı qaytardığını vurğulayıb: "Bu, çox önəmlidir. Hər rəqibə qarşı başabaş mübarizə aparmaq mümkündür. İdmanda hər bir nəticə ola bilər. "Qarabağ" sübut etdi ki, biz heç kimdən çəkinməli deyilik".