
"Bizi nəyinsə qane etdiyini desək, komandamıza haqsızlıq olar".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXI tur oyunundan sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis milli komandaların oyunları ilə əlaqədar çətinliklər çəkdiklərini bildirib: "Ötən il də eyni halı yaşamışıq. Millidə çıxış edənlər bizim əsas heyət oyunçularımızdır. Bu, mən başda olmaqla, komandam üçün bəhanə deyil. Bu gün bəxtimiz gətirdi. Meydanda bir komanda var idi. O da "Zirə" idi. Tez toparlanmalıyıq".
Abasov Yusuf Lavalın milli komandaların oyunları ilə əlaqədar Premyer Liqadakı fasilə müddətində zədələndiyini söyləyib: "Laval tam hazır deyil və zədədən yeni qayıdıb. İnanıram ki, oyun ritminə qayıda biləcəyik".
Baş məşqçi "Zirə"nin onlardan üstün olduğunu etiraf edib: "Biz heç nə göstərə bilmədik. Bu vəziyyəti anlamağa çalışıram. Artıq ikinci ildir ki, belə hallarla rastlaşmışıq. Nəsə oynayasan ki, danışasan. Özümüz nəsə etməliyik ki, danışa bilək. Rəşad Sadıoqv məndən daha çox danışa bilər. Çünki onun komandası daha yaxşı idi".
Mütəxəssis Eddi İsrafilovun qırmızı vərəqə gördüyü epizoddan danışıb: "Xalların əldən çıxmasında tək günahkar Eddi deyil. Qırmızı vərəqə alması, ondan çox iki oyunçunun etdiyinə görə idi. Bəlkə də qırmızı almağa məcbur qaldı. Ümumiyyətlə, biz bu gün meydanda yox idik".
Abasov Azər Əliyevin yerli statusda oynaya bilməməsinə də toxunub: "İki ay ərzində tutarlı cavab ala bilməmişəm. Bu, komandamıza təsir edir. Deyilənlərə görə özü üçün maraqlıdır. Yığmada oynamaq istəyir. Ətrafında isə nələr baş verir. Nələr baş verdiyini çox yaxşı olar ki, klubdan, özündən və AFFA-dan soruşarsınız".
Baş məşqçi Mirabdulla Abbasovun əvəzedicidə olmasına da münasibət bildiirb: "O, bizə lazım deyil. Ona görə göndərmişik".
Mütəxəssin sözlərinə görə, komanda oynamırsa baş məşqçi günahkardır: "Eddi qırmızı vərəqə aldı, xal itirdik düz deyil. Bizik günahkar. Bu məsələlərə girməyək. Baş məşqçi mənəm. Çalışıram ki, vəziyyəti başa düşüm. Keçən il əla gedirdik. Futbolçular millilərə getdilər gəldilər, “Sumqayıt”a 0:2 uduzduq. Yığma Malta, Latviyaya uduzublar, tənqidlər var. Bəlkə də onlar oynamalı deyil. Mənim günahım var. Digərləri oynasa onların yerini verəcəklər? Bu da sualdır. Son aylarda Eminin performansında düşüş var. Hansı ki, komandaya da təsir edir. Bəlkə də keçən ilkinin də təsiri var. İlin oyunçusu olub, diqqət ondadır. Bu gün “Neftçi”nin yükünü Buqrin və Kane ilə bölüşmür. Bəlkə bunun altından çıxa bilmir. Görünən odur ki, Eminin pis və ya yaxşı oynaması, bizə təsir edir".
Abasov sabiq oyunçuları Keysuke Hondanın klubsuz qalmasından da danışıb: "Honda gələndə də birinci idik. O bizi birinci etmədi. Onsuzda birinci idik. Qış çempionu kimi getdi. Onda digər uşaqlar nə etdi? Qismətdisə, Honda ilə də ola bilərdik. İndi Hondasız ikinci yerdəyik. Əlbəttə ki, o cür təcrübəliyə ehtiyacımız var. Qapılarımız onun kimi oyunçulara açıqdır. Buraya gələndə şahid oldum, futboldan kənar çox şeylər öyrəndi. İnanmıram ki, özü də bura gəlmək istəyər".
Baş məşqçi Ramazan ayında oruc tutmağın futbolçulara təsir etdiyini deyib: "Futbolçu oruc tuta-tua oynayırsa, təsir edəcək. Bu gün oyun üçün bəhanə keçərli deyil. Rəqibdə də oruc tutanlar da var. Təsir edəcək. Məşqçilər olaraq bu yöndə bacardığımız qədər Uşaqılara tapşırdım ki, məqşin gedişatında problem hiss etsəz məşqdən çıxın. Demişik. Qarşısınl kəsə də bilmərik. Özümüz də təsir edir".