Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, çempionatın lideri "Qarabağ" "Şamaxı" klubunu qəbul edib. "Azersun Arena"dakı qarşılaşma "köhlən atlar"ın 8:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, hələlik cari mövsümün ən böyük hesablı qalibiyyəti olub.
Meydan sahibləri görüşə erkən qolla başlayıb. İbrahima Vadji 8-ci dəqiqədə adını tabloya yazdırıb. Seneqallı hücumçu cəmi 8 dəqiqə sonra dubl edib. Ardınca Filip Ozobiç səhnəyə çıxıb. 20 və 21-ci dəqiqələrdə fərqlənən xorvatiyalı yarımmüdafiəçi fərqi artırıb. Ozobiç qollarının sayını 10-a çatdırıraq bombardirlik yarışında "Zirə"nin gürcüstanlı hücumçusu Davit Volkova çatıb. 30-cu dəqiqədə Vadji het-trikini rəsmiləşdirib. 38-ci dəqiqədə Marko Veşoviç 6-cı topu qonaqların qapısından keçirib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Kadi Borges Ağdam klubunun 7-ci qoluna imza atıb. Oyunda son nöqtəni isə Musa Qurbanlı qoyub. İkinci yarıda meydana daxil olan 20 yaşlı forvard 49-cu dəqiqədə yekun hesabı müəyyənləşdirib.
Bu qələbədən sonra xallarını 55-ə çatdıran "Qarabağ" liderliyini möhkəmləndirib. 20 xalı olan "Şamaxı" isə 6-cı sırada qərarlaşıb.
Qeyd edək ki, günün ilk oyununda "Qəbələ" evdə "Sumqayıt"la heç-heçə edib. Tura aprelin 16-da keçiriləcək "Zirə" - "Səbail" və "Neftçi" - "Sabah" matçları ilə yekun vurulacaq.
---------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda "Sumqayıt" Qəbələdə eyniadlı komandanın qonağı olub. Şəhər stadionundakı görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Hesabı 17-ci dəqiqədə Araz Abdullayev açıb. Əyalət təmsilçisi 88-ci dəqiqədə İsnik Aliminin cərimə zərbəsindən vurduğu qolla məğlubiyyətdən xilas olub.
İlk hissədə qonaqların müdafiəçisi Camaləddin Xocaniyazov zədələnərək, Rüfət Abdullazadə ilə əvəzlənib.
Bu nəticədən sonra xallarını 35-ə çatdıran "Qəbələ" 4-cü pillədəki mövqeyini qoruyub. 15 xalı olan "Sumqayıt" isə 7-ci sırada yer alıb.
Günün digər matçında "Qarabağ" "Şamaxı"nı qəbul edəcək.
Qeyd edək ki, tura aprelin 16-da keçiriləcək "Zirə" - "Səbail" və "Neftçi" - "Sabah" oyunları ilə yekun vurulacaq.
------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq.
Günün ilk matçı Qəbələdə keçiriləcək. Şəhərin eyniadlı komandası "Sumqayıt"ı qəbul edəcək. Meydan sahibləri 34 xalla 4-cü , bir oyun az keçirən "gənclik şəhəri" təmsilçisi 14 xalla 7-8-ci pillələri bölüşdürür. Komandalar indiyək çempionatda 38 dəfə üz-üzə gəliblər. Əvvəlki matçların 22-də "qırmızı-qaralar", 5-də qonaqlar qələbə qazanıb. Topların nisbətində də "Qəbələ"nin üstünlüyü var - 62:28. Meydan sahibləri Premyer Liqadakı son 3 görüşdə rəqibinə uduzmayıb. Tərəflər arasındakı son iki görüşdə 3 və ya daha çox qol qeydə alınıb.
Günün ikinci qarşılaşmasında 52 xalla lider olan "Qarabağ" 20 xalla 6-cı sırada olan "Şamaxı" ilə üz-üzə gələcək. Bu, komandaların çempionatdakı yubiley - 70-ci matçı olacaq. 32 dəfə "köhlən atlar", 13 dəfə qonaqlar meydanı 3 xalla tərk edib. Topların nisbətində ağdamlılar üstündür - 87:43. Meydan sahibləri Premyer Liqadakı son 14 oyunda rəqibinə uduzmayıb. "Şamaxı" isə son 3 səfər görüşündə xal qazana bilməyib.
Azərbaycan Premyer Liqası, XXIII tur
15 aprel (cümə)
17:00. “Qəbələ” – “Sumqayıt - 1:1
Qollar: İsnik Alimi, 88 - Araz Abdullayev, 17
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
19:30. “Qarabağ” – “Şamaxı" - 8:0 (İKİNCİ HİSSƏ)
Qollar: İbrahima Vadji, 8; 16. Filip Ozobiç, 20; 21; 30. Marko Veşoviç, 38. Kadi Borges, 45+2. Musa Qurbanlı, 49
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Azersun Arena”
Qeyd edək ki, tura aprelin 16-da keçiriləcək "Zirə" - "Səbail" və "Neftçi" - "Sabah" matçları ilə yekun vurulacaq.