Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyununda “Qəbələ”nin “Qarabağ”a ciddi müqavimətini, hesabı da özünün açmasını nəzərə alsaq, cavab matçında 37 dəqiqəyə 4 qol buraxacağı gözlənilməz oldu. Matçın yekununda tabloda 5:0, iki oyun nəticəsinə görə 8:1 hesablı darmadağınla "qırmızı-qaralar" meydanı rüsvayçılıqla tərk etdi.
"Qarabağ" barədə uzun danışmayaraq, yalnız aşağıdakıları qeyd etmək kifayətdir:
- “Qarabağ”ın sayəsində Azərbaycan Kubokunda yeni rekord qeydə alındı;
- "Köhlən atlar son 9 oyunda məğlubiyyətin nə olduğunu bilməyərək, rəqib qapılarından 35 top keçirməklə komanda tarixində yeni rekorda imza atdı;
- 225 gündən sonra Xayme Romeronu yenidən meydanda gördük.
"Qarabağ" rekordlarla zirvələrə yüksəldiyi halda, “Qəbələ” antirekordlarla ildırım sürəti ilə tənəzzülə uğramaqdadır. Real yanaşsaq, “Qəbələ”nin “Qarabağı” məğlub edərək, mərhələ adlayıb sensasiya yazacağı gözləntiləri yox idi. Amma ən azı, komanda meydanda döyüşkənliyini göstərməli idi. "Qırmızı-qaralar" bu oyunda xarakter göstərsəydi, çempionatdakı son 4 tur motivasiya, hazırlıq oyunu kimi də faydalı olardı.
“Qarabağ”la cavab matçında Elmar Baxşıyev gözlənilməz rotasiyalar etmişdi. Qapı xəttində Kristof Atanqananın yer almasını başa düşmək olar: Gənc qapıçı təcrübə yığmalıdır. Amma zədə səbəbindən 4 oyununu buraxmalı olan, zədəsini tam sağaltmayan Fernan Lopezə start heyətində yer vermək, aparıcı futbolçulardan Ürfan Abbasov ilə Asif Məmmədovu ehtiyatda saxlamaq hansı məntiqə sığır?!
Fernan Lopez cəmi 42 dəqiqə meydanda olub heç nəyi ilə seçilmədi. Sonda ağrılar hiss etdiyindən, əvəzlənməsini istədi. Onsuz da müdafiədə problemlər yetərincədir, Ürfan Abbasovu ehtiyatda saxlamaqla arxa xətdə uçurumu daha genişləndi.
"Köhlən atlar"ın vurduğu qolların hamısı müdafiənin mərkəzinin iflic olmasından dolayı idi. Kapitan Asif Məmmədovun meydanda olmaması özünü daha qabarıq şəkildə göstərdi. Məhz 36 yaşlı futbolçunun ehtiyatda oturması səbəbindən komanda playmeyker işinin olmaması, kəsərli hücumların qurulmaması, ən əsası, meydanda ağsaqqal dominantlığının yoxluğu ilə diqqət çəkdi. Necə deyərlər, gəmi kapitansız idi. Yalnız Asif Məmmədovun 60-cı dəqiqədə meydana çıxması ilə “Qəbələ”nin çıxışında müəyyən canlanma gözə dəydi. “11 nömrə”nin sayəsində dəqiq ötürmələr artdı, müdafiədən hücuma keçidlər oldu, kəsərli olmasa da, rəqib qapısı qarşısında zərbələr gözə dəydi.
Şəxsən kapitanın özü mərkəzdən reydlər edərək "köhlən atlar"ın müdafiəsini yarmağa çalışırdı. Kapitan meydana çıxması ilə rəqibə qarşı daha mübariz oyun nümayiş etdirdi, nəinki komandası. Odur ki, matçın son 30 dəqiqəsini “Qarabağ” - “Asif Məmmədov” qarşıdurması adlandırsaq, daha ədalətli olar.
“Qəbələ” qış fasiləsindən sonrakı çıxışı ilə turnir cədvəlində 2-ci pillədən 5-ci pilləyə yuvarlandı. Kubokla da vidalaşdı. Komanda son 9 oyunda (7 çempionat, 2 kubok) qələbə üzünə həsrət qalmaqla, rəqib qapılarına cəmi 4 dəfə yol tapdığı halda, öz qapısından 24 top buraxıb.
Çempionatın sonuna 4 tur qaldığı bir vaxtda "qırmızı-qaralar"ın yeganə pənahı Konfrans Liqasına vəsiqə verən 4-cü yerdir. Lakin bu yer uğrunda xarakterli Murad Musayev və onun rəhbərlik etdiyi döyüşkən “Sabah” səddi var. Şansların tükənmək üzrə olduğu vaxtda Elmar Baxşıyev diş göstərib uğursuzluğa son qoymaq əvəzinə hələ də heyətin kasadlığını, zədəli, cəzalı oyunçuları bəhanə etməklə məşğuldur. Darmadağın sonrası o, bunları deyib: “Oyun barədə çox danışmaq istəmirəm. Ağır məğlubiyyət oldu. Müəyyən səbəblər var ki, onları müzakirə etmək istəmirəm. 15-16 futbolçudan ibarət heyətimiz var. Onların zədəli və cəzalı olmaları oyunlarımıza təsir edir. Futbolda xırdalıqlar olmur. Hər bir nüans komandaya təsir edir. Ruhdan düşmürük. Qarşıda 4 oyun var. Komanda şəklində həmin matçlara köklənmək və daha yaxşısına nail olmaq məcburiyyətindəyik. İnanıram ki, toparlanacaq və daha yaxşısını edəcəyik”.
Baş məşqçinin nikbin, döyüşkən ruhda olması yaxşı haldır. Amma hər dəfə heyətin kasadlığını, zədəliləri, cəzalıları qabartmaq uğursuz çıxışlar estafetinə haqq qazandırmır. “Səbail” həm maliyyəsinə, həm də heyətinə görə çempionatın ən acınacaqlı komandasıdır. Buna rəğmən, komanda sonuncu pillədən can qurtarmaq üçün hər oyunda xarakter, mübarizə nümayiş etdirir. "Dənizçilər"in son 3 matçdakı döyüşkənliyi həqiqətən təqdirəlayiqdir. Elmar Baxşıyev həmkarı Aftandil Hacıyevdən nümunə götürsə, yaxşı olar.
"Ulduz xəstəliyi" məşqçilərlə müqayisədə futbolçularda tez-tez baş verir. Bu azara düşən əksər futbolçuların ulduzu parlamadan söndüyü kimi, məşqçilərin də ulduzu zülmətə qərq olur. Görəsən, “Qəbələ” rəhbərliyi Elmar Baxşıyevlə daha 1 il müqaviləni uzatmaqla onda "ulduz xəstəliyi"nə və komandanın "qara zolaq"da ilişib qalmasında baiskardırmı?! Qarşıdakı son 4 turda bu suala aydınlıq gələcək...
Abdulla İSMAYILOĞLU