“Azərbaycan Premyer Liqasında 6+5 limitini saxlamağı qərara aldıq. Hesab edirəm ki, 6 əcnəbi, 5 yerli oyunçu çox gözəl variantdır”.
Bu fikirləri Sportnet.az-a açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov deyib.
Veteran futbolçu üzvü olduğu komitənin 6+5 limitini qüvvədə saxlamasına münasibət bildirib. O, klubların bu limitə baxmayaraq, çox əcnəbi gətirmələrinə qarşı çıxdığını söyləyib: “Yaxşı futbolçular olsa, 6 nəfər komandanın 70 faizi deməkdir. AFFA bu qərarın qüvvədə qalmasını qərara aldı. Klublar 14 legioner gətirsələr belə, meydana onlardan yalnız 6-nı buraxa biləcəklər. Bu qədər əcnəbi gətirməkdə məqsədlərinin nə olduğunu bilmirəm. Amma düzgün yanaşma deyil. Kiminsə zədələnmə ehtimalını nəzərə alıb əlavə 2-3 nəfər gətirmək olar. Amma 14-15 əcnəbi gətirmək düzgün deyil. Klubların öz qərarıdır, onların işinə qarışa bilmərik. Ancaq yenə də deyirəm, 6-sı oynayacaqsa, 15 əcnəbi gətirmək nəyə lazımdır?”
O, yerli futbolçular üçün bu addımı atdıqlarını söyləyib: “Biz yerli futbolçuları da fikirləşməliyik. Onlar da oynamalıdır. Bir yaxşı əcnəbi üç nəfərin yerinə oynayır. Əvvəllər əcnəbiləri ona görə gətirirdilər ki, yerli oyunçuları öyrətsin, klubun avrokuboklarda uğurlu çıxışına kömək etsin. Bunları bacarmadıqdan sonra 15 əcnəbi nəyə lazımdır? Klublar Komitəsi əcnəbi sayının 7-yə yüksəldilməsini təklif etdi, amma iclasda hamı bunun əleyhinə oldu”.