Slovakiyanın Koşitse şəhərində Avropa çempionu olmuş minifutbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşad Quliyevin Sportnet.az-a müsahibəsi
– Bildiyimizə görə, qrupdan çıxmaq əsas hədəf idi. Avropa çempionluğu özünüz üçün də gözlənilməz olmadı?
– Bəli, əsas hədəfimiz qrupdan çıxmaq idi. Slovakiyaya getməzdən əvvəl müsahibəmdə demişdim ki, qrupdan çıxsaq, yarımfinaladək irəliləyə bilərik. 1/8 finalda İsraili məğlub edəndən sonra "Niyə də yarımfinal və ya finala kimi irəliləməyək?!" deyə düşünməyə başladıq.
– 2018-ci ildəki Avropa çempionatında komanda üç xalla qrupda qalmışdı. O vaxtla indiki yarış arasında hansı fərqlər oldu və nə dəyişdi?
– Onda ilk ilimiz idi, uşaqlar heç vaxt Avropa çempionatında olmamışdı. İndi isə təcrübəmiz vardı. Bu il komandalar daha güclü idilər. Rumıniyaya qrupda 0:2 hesabı ilə uduzduğumuz oyunda əslində yaxşı çıxış etmişdik. İspaniya və Albaniya ilə matçlarda daha yaxşı oynadıq. Oyundan-oyuna daha da yaxşı çıxış etməyə başladıq.
– Avropa çempionatında millinin tanınmaması da işinizə yaradımı və ola bilərmi ki, rəqiblər sizi qiymətləndirmədilər?
– Əvvəl elə idi. Amma qrupdan çıxdıqdan sonra inanmıram ki, kimsə bizə barmaqarası baxsın. Hər oynadığımız rəqibi bəlkə də 8-10 saat analiz edirdik. Uşaqlar da bu yarışa ciddi hazırlaşmışdılar. Avropa çempionluğumuz məhz bunların nəticəsidir.
– Rəqiblərin heyətində tanınmış oyunçular vardımı? Məsələn, Vitali Borisov müsahibəsində İtaliya millisinin üzvü Fabinyo ilə “Araz”da birgə futzal oynadığını bildirmişdi...
– Bəli, o, İtaliyanın futzal millisi ilə bəlkə də 100-dən çox oyuna çıxıb. İspaniya, Fransa, Portuqaliya yığmalarında da güclü, texnikalı oyunçular vardı. Amma minifutbol fərqlidir. Burada çox cəld olmalısan.
– Prezident İlham Əliyev sizi qəbul etdi. Qəbul ediləcəyinizi gözləyirdiniz?
– Sağ olsun, cənab Prezident bizə qiymət verdi. Biz orada da fikirləşirdik ki, çempion olsaq, dövlət başçısı bizi qəbul edə bilər. Bəlkə də bu səbəbdən, motivasiya ikiqat olmuşdu.
– Növbəti Avropa çempionatının Azərbaycanda keçirilməsi mümkündür?
– Hələ bu çempionat başlamamışdan öncə 2024-cü il Avropa çempionatı üçün ev sahibliyi istəyimizi irəli sürmüşdük. Amma başqa namizədlər də var. Azərbaycanda olsa, mən sevinərdim. Ondan əvvəl 2023-cü ildə biz dünya çempionatında çıxış etməliyik. 1/4 finala çıxan bütün 8 komanda dünya çempionatına vəsiqə qazanıb. Dünya çempionatı BƏƏ-də keçiriləcək. Orada havalar isti keçir deyə, mundialı yanvarda təşkil etmək istəyirlər. Yaxın 10 gün ərzində hansı vaxtda keçirəcəkləri bilinəcək.
– Azərbaycanda Avropa çempionatını keçirmək üçün minifutbol standartlarına cavab verən stadionu varmı?
– Hazırda yoxdur, amma yaratmaq asandır. Həmin yarışı Heydər Əliyev Sarayı, Bakı Kristal Zalı və ya Milli Gimnastika Arenasında keçirmək mümkündür. Üstü bağlı yerdə də keçirməyə icazə verilir. Slovakiyada Avropa çempionatının keçirildiyi "Steel Arena" hokkey oyunlarını keçirmək üçün tikilib.
– Dünya çempionatında əsas rəqiblər kimlər sayılır?
– Sonuncu dünya çempionu Meksika. Onlar finalda Rumıniyanı yenmişdilər. Afrikadan Nigeriya güclüdür. Cənubi Amerika qitəsindəki millilər də səviyyəlidirlər.
– Heyətlə bağlı planlarınız necədir?
– Çalışırıq ki, heyətin 90 faizini qoruyub saxlayaq. Bir-iki yeni oyunçu cəlb edəcəyik.