"Qarabağ" - "Ferentsvaroş" cütündə favorit görmürəm".
Sportnet.az-ın məlumatına görə, bunu Rusiya millisinin əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Səmədov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində üz-üzə gələcək Azərbaycan və Macarıstan təmsilçilərinin dueli haqqında yerli mətbuata açıqlamasında deyib.
38 yaşlı mütəxəssis "köhlən atlar"ın ilk matçı evdə keçirməsinə baxmayaraq favorit olmadığını bildirib: "İlk matçın Azərbaycanda keçirilməsi heç nəyi dəyişmir. Axı onlar cavab görüşünü səfərdə oynayacaq".
Səmədov "Ferentsvaroş"un rusiyalı baş məşqçisi Stanislav Çerçesovun II təsnifat mərhələsində Slovakiyada "Slovan" (Bratislava) komandasını məğlub etdikləri matçdan sonra təmkinli olması barədə də danışıb: "O, necə reaksiya verməli idi? Düşünürəm ki, komanda Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazansa, o zaman Çerçesovda emosiyalar yaranacaq".
Qeyd edək ki, "Qarabağ" ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.