
"Görüş çox ağır keçdi, hava isti idi. Günorta saatlarında oyuna çıxdıq".
Sportnet.az-ın Türkiyənin Konya şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yarımmüdafiəçisi ismayıl İbrahimli Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Mərakeşlə 2:2 hesablı heç-heçə etdikləri B qrupunun sonuncu - III tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
24 yaşlı oyunçu rəqibin güclü komanda olduğunu bildirib: "Rəqib futbolçuların yaşı da bizdən çox idi. Bizdə isə yalnız Murad Xaçayevlə mən nisbətən təcrübəliyik. Özümüzə inanırdıq. Böyükhesablı qələbə də qazana bilərdik. Amma oyun heç-heçə bitdi".
"Qarabağ"ın futbolçusu ilk turda Səudiyyə Ərəbistanına 0:1 hesablı məğlubiyyətin səbəbini də açıqlayıb: "Bilirsiniz ki, bu komanda U-23 Asiya çempionu olub. 6 matçda qapısından top buraxmayıb. Düzdür, həmin heyətdən çox futbolçular yox idi. Amma bizim oynadığımız da U-23 yığmasıdır. Həmin kollektivlə görüşdə də xal qazana bilərdik. Təəssüf ki, alınmadı".
İbrahimli əsas hədəflərinin finala çıxmaq olduğunu vurğulayıb: "Yarımfinaldakı mümkün rəqiblərimizin oyunlarını izləməmişik. Məşqçilərimiz analiz edib, bizə lazımi tapşırıqları verəcəklər. Məqsəd finala yüksəlməkdir".
Futbolçu "Qarabağ"ın Macarıstanda "Ferentsvaroş"a 3:1 hesabı ilə qalib gəldiyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununu izləyə bilməyib: "Sonradan icmala baxdım və çox sevindim. Komandanın matçlarını kənardan izləmək çox çətindir. Ürəyim "Qarabağ"ladır. Amma milli komanda ilə bura gəlmişəmsə, əlimdən gələni etməliyəm".