“Əvvəlcədən nəzərdə tutulduğu kimi, əməliyyatım Almaniyanın Münhen şəhərində baş tutdu. Daha sonra isə bərpa prosesi üçün Portuqaliyaya yollandım. Burada olan idman mərkəzində çoxlu məşhur futbolçu bərpa prosesi keçib".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Kevin Medina klubun rəsmi saytına açıqlamasında deyib.
Kolumbiyalı müdafiəçi bərpa prosesinin gözlədiyindən də sürətli alındığını və özünü yaxşı hiss etdiyini bildirib. O, komandaya tezliklə qoşulacağına ümidvar olduğunu vurğulayıb.
Zədələndikdən sonra "Qarabağ"ın bütün matçlarını canlı izlədiyini söyləyən Medina komandası ilə fəxr etdiyini dilə gətirib: "Bəzi itkilər olsa da, bu, oyunumuzda hiss edilmir. Oyundan-oyuna daha yaxşı və parlaq mübarizə aparırıq. Həmişə demişəm ki, "Qarabağ" qladiatorlar ailəsidir. İndi bunu daha yaxşı müşahidə edirəm. Amma bir az kədərlənirəm. Çünki pley-off qarşılaşmasında Çempionlar Liqasının himnini eşitmək, bu turnirin möhtəşəmliyini hiss etmək istəyirdim. Komandanın adına çox sevinirəm. İnanıram ki, cavab oyununda yaxşı nəticə qazanıb, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacağıq. Mən də əlimdən gələni edirəm ki, tez sağalım və komandaya qoşulum”.
Qeyd edək ki, Kevin Medina iyulun 27-də Çempionlar Liqasında II təsnifat mərhələsinin “Sürix”lə İsveçrədəki cavab matçında zədələnib. MRT müayinəsindən sonra onun iki ayadək sıradan çıxdığı açıqlanıb.