"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniyanın "Frayburq" klubunun futbolçuları Maksimilian Eggeştayn və Lukas Kübler zədəsini sağaldıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Kristian Ştrayx mətbuat konfransında bildirib.
57 yaşlı mütəxəssis Eggeştaynın Bundesliqanın V turunda "Bayer" (Leverkuzen) klubu ilə görüşdə iştirak edə biləcəyini söyləyib. Ştrayx Küblerin oynayıb-oynamayacağının hələlik bəlli olmadığını diqqətə çatdırıb.
Baş məşqçi digər zədəli oyunçu Kevin Şadenin növbəti həftəsonu kollektivə qoşulacağını söyləyib.
Qeyd edək ki, sentyabrın 3-də keçiriləcək "Bayer" - "Frayburq" matçı Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. "Frayburq" Avropa Liqasında ilk görüşünü sentyabrın 8-də "Europa Park" stadionunda "Qarabağ"a qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.