"Belarusla ev matçı əsas olacaq. Bu oyunda qalib gəlməliyik. Azərbaycanla görüşdə qələbə şansımız azdır".
Sportnet.az-ın məlumatına görə, bunu Qazaxıstan millisinin sabiq futbolçusu Bulat Esmaqambetov Bakıda Azərbaycana qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunu barədə ölkəsinin mətbuatına açıqlamasında deyib.
54 yaşlı veteran hücumçu bildirib ki, yığmanın qrup birincisi olmaq şansı yüksəkdir: "Bunun üçün bir qələbə lazımdır. Amma bu, elə də asan olmayacaq. Belarus və Azərbaycan daha optimal vəziyyətdədir. Qarşıdakı oyunlar əvvəlkilərdən qat-qat çətin olacaq. Bununla belə, komandamıza inanıram. Düşünürəm ki, onlar tarix yaza bilərlər".
Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan oyunu saat 20:00-da başlayacaq.